Sentyabrın 17-də Milli Məclisin elm və təhsil komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitənin sədri Şəmsəddin Hacıyev Milli Məclisin 2015-ci il yaz sessiyası dövründə bu qurumda görülən işlər barədə hesabatı təqdim edib. O, yaz sessiyası dövründə səmərəli fəaliyyət göstərildiyini, beynəlxalq qurumlarla əməkdaşlığın genişləndirildiyini söyləyib. Bildirilib ki, payız sessiyasında da əsas diqqət yeni hazırlanan “Elm haqqında” qanun layihəsinə yönəldiləcək. Layihənin Milli Məclisdə müzakirəsi zamanı deputatların səsləndirdiyi təklif və tövsiyələr, eləcə də müxtəlif qurumlardan verilən təkliflər araşdırılaraq müzakirə olunub. Müvafiq sayılanlar sənəddə əksini tapacaq. Qanun layihəsi növbəti oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılmağa hazırdır.
Bildirilib ki, hesabat dövründə komitəyə daxil olan müraciətlərin sayı əvvəlki sessiya ilə müqayisədə azalıb.
Komitənin 2015-ci il yaz sessiyası dövründə fəaliyyəti qənaətbəxş hesab edilib.
Sonra iclasda komitənin 2015-ci il payız sessiyası üçün iş planına baxılıb və təsdiq olunub.
İclasda “Təhsil haqqında” və “Milli arxiv fondu haqqında” qanunlara təklif olunan dəyişikliklərə də baxılıb.
İclasda Milli Məclisin deputatları Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi son qətnaməyə də etirazlarını bildiriblər. Qeyd olunub ki, Avropa Parlamentinin bir qrup deputatının təşəbbüsü ilə irəli sürülən bu qərəzli sənəd tamamilə gerçəklikdən uzaqdır.