Prezident yeni yolun açılışını etdi

Prezident yeni yolun açılışını etdi backend

Prezident İlham Əliyev Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Ağsu-Kürdəmir hissəsinin açılışında iştirak edib.

Lent.az-ın məlumatına görə, açılış zamanı “Azəryolservis” ASC-nin sədr əvəzi Saleh Məmmədov prezident İlham Əliyevə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun yenidən qurulması layihəsi barədə məlumat verib.
Ümumi dəyəri 102 milyon manat olan layihənin icrasına 2014-cü ilin iyul ayında başlanıb. Ümumi uzunluğu 108 kilometr olan yolun 37 kilometrlik Ağsu-Kürdəmir hissəsində tikinti işləri başa çatıb.
Ağsu və Kürdəmir rayonları arasında yerləşən, 14 kənddən keçən bu yol, həmin ərazidə yaşayan 25 min nəfər əhalinin sosial–iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək. Üçüncü texniki dərəcəli yolun eni 12 metr, hərəkət hissəsinin eni isə 7 metrdir. Yola 3 laydan ibarət asfalt örtük döşənib. Yol çəkilərkən Yuxarı Şirvan kanalı üzərində uzunluğu 21 metr olan körpü tikilib, Nazirçay və Girdimançay üzərindəki körpülər əsaslı təmir olunub. Çoxlu sayda suötürücü qurğu inşa edilib. Nəqliyyatın təhlükəsiz hərəkəti üçün lazım olan bütün yol nişanları və göstəriciləri quraşdırılıb. Yolun üstündəki bütün yaşayış məntəqələrində müasir tipli dayanacaq tikilib. İnşaat zamanı geniş ərazidə kommunikasiya xətlərinin yerləri dəyişdirilib.
Layihənin davamı olaraq magistralın Kürdəmir-İmişli hissəsində 27 kilometr uzunluğunda yolun tikintisi başa çatmaq üzrə olduğu, hazırda Kürdəmir-Bəhramtəpə hissəsində yolun 38,5 kilometrində asfalt-beton örtüyün üst layının tikintisi və çiyinlərin bərkidilməsi işlərin davam etdirildiyi diqqətə çatdırılıb.

Diaspora