Qədimliklə müasirliyin vəhdət təşkil etdiyi müxtəlif təyinatlı binaların tikintisi və ya bərpa olunaraq yenidən qurulması Naxçıvan şəhərini gözəlləşdirməklə yanaşı, həm də ölkəmizin sosial-iqtisadi inkişafını təcəssüm etdirir. Hazırda Naxçıvan şəhərinin “Əlincə” məhəlləsində tikinti-quruculuq işləri sürətli davam etdirilir.
AZƏRTAC xəbər verir ki, burada 12 min kvadratmetr ərazidə avtodayanacaq inşa olunur. Tikili zirzəmi ilə birlikdə iki mərtəbədən ibarətdir. Zirzəmi hissəsində 304 yerlik avtomobil dayanacağı, yuxarı hissədə isə 8 min 540 kvadratmetr sahədə avtomobil satışı üçün bazar və avtomobillərin ehtiyat hissələrinin satışını həyata keçirəcək 54 mağaza fəaliyyət göstərəcək. Bundan əlavə, avtomobillərin yuyulması, elektrik, çilingər xidmətləri təşkil olunacaq, yeməkxana istifadəyə veriləcək. Hazırda obyektdə elektrik xətlərinin çəkilişi aparılır, müxtəlif bölmələrin qapı və pəncərələri salınır. Zirzəmi hissəsində isə tavan örtüyünün vurulmasına başlanılıb. Yaxın günlərdə avtomobil satışının təşkil olunacağı əraziyə asfalt salınacaq.
Ərazidə inşa olunmuş və Şərq memarlığının nümunələrini özündə əks etdirən hamam kompleksində isə işlər tam yekunlaşıb. 1100 kvadratmetr ərazini əhatə edən kompleksdə qadın və kişilər üçün nəzərdə tutulmuş hər biri 305 kvadratmetr olmaqla, iki hamam zalı, hər bölmədə 4 hamam otağı və soyunub-geyinmə otaqları fəaliyyət göstərəcək. Zirzəmi hissədə isə bufet, anbar, qazanxana, hamam aksesuarlarının satılacağı mağaza olacaq. Tikinti işləri Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən aparılır.
Naxçıvan Muxtar Respublikasında peşə və orta ixtisas təhsilinə göstərilən dövlət qayğısının nəticəsidir ki, digər təhsil ocaqları ilə yanaşı, bu təhsil müəssisələrinin yenidən qurulması da diqqət mərkəzində saxlanılır. Hazırda Naxçıvan Dövlət Texniki Kolleci üçün nəzərdə tutulmuş binada təmir və yenidənqurma işləri davam etdirilir. A və B korpuslarından ibarət olan bina zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Burada işlərə 2015-ci ilin aprel ayından başlanılıb. Ötən müddətdə binanın giriş hissəsi dairəvi formada yenidən qurulub, yeni qazanxana sistemi quraşdırılıb, elektrik xətləri yenilənib. Hazırda sinif otaqlarının qapıları dəyişdirilir, eyni zamanda, boya işləri aparılır.
Ordubad şəhərindəki texniki-peşə və sürücülük məktəbi üçün binada da yenidənqurma işlərinə cari ilin aprel ayından başlanılıb. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada suvaq və boya işləri aparılır. Binanın qarşısında isə sürücülük kursunda oxuyanlar üçün praktik məşğələ meydançası hazırlanır, ətrafda abadlıq işləri görülür. Məktəb binasında 54 sinif otağı, idman zalı, 99 yerlik yataqxana müdavimlərin istifadəsinə veriləcək. Burada xalçaçılıq, dərzi, çilingər, traktor-maşinist, bərbər və sair peşələr üzrə kadrlar hazırlanacaq. Eyni zamanda, müasir tələblər səviyyəsində qurulan binada müxtəlif fənn kabinələri, şahmat otağı, kompyuter sinifləri də fəaliyyət göstərəcək. Hər iki təhsil müəssisəsinin yenidən qurulmasını “Gəmiqaya İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları həyata keçirirlər.