Bakıda məktəb-liseydə zəhərlənənlərdən 1-nin vəziyyəti ağırdır - YENİLƏNİB

Bakıda məktəb-liseydə zəhərlənənlərdən 1-nin vəziyyəti ağırdır - YENİLƏNİB backend

Bakıda məktəb-liseydə zəhərlənənlərdən 1-nin vəziyyəti ağırdır, prokurorluq araşdırmalara başlayıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Bakı şəhəri 20 nömrəli məktəb-liseydə şagirdlərin qidadan zəhərlənməsi faktı üzrə Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır: "İlkin ehtimallara əsasən şagirdlər quş əti tərkibli qidadan zəhərlənib. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə təhsil müəssisəsinin bufetindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib".

14.51

A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə zəhərlənən şagirdlərin durumu açıqlanıb.

TƏBİB-dən bildirilib ki, baş verən hadisə ilə əlaqədar qurumun tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub.

Qeyd olunub ki, təcili tibbi yardım briqadaları dərhal hadisə yerinə cəlb edilib:

"6 nəfər (4-ü qız, 2-si oğlan) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində olan 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib. Onlardan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərə (vəziyyətləri qənaətbəxş) tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində, 1 nəfərə (vəziyyəti ağır qiymətləndirilir) Reanimasiya şöbəsində zəruri tibbi xidmətlər göstərilir".

14.02

A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları araşdırmalara başlayıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq agentlikdən bildirilib. 

Qeyd olunub ki, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

13.46

A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin aşağı sinif şagirdləri arasında kütləvi zəhərlənmə olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən  verilən məlumata görə, aprelin 6-da məktəb-liseyin bufetində toyuq əti yeyən uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunub.

Qeyd olunub ki, məktəb rəhbərliyi təcili-tibbi yardım çağırıb, şagirdlər dərhal müvafiq səhiyyə müəssisəsinə çatdırılıb: "Həmçinin məktəb rəhbərliyi aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib. Hazırda uşaqların vəziyyəti qənaətbəxşdir".

Bildirilib ki, məktəb-liseydə iaşə xidmətini təşkil edən “Tais ikf” MMC-dir. İaşə xidməti göstərən qeyd olunan şirkətin fəaliyyətinə aidiyyəti qurumlar tərəfindən müvafiq nəzarət olunur.

Diaspora