“Hacı Şahin Həsənlinin 40 mərasimindən sonra Məşədi Dadaş məscidinə din xadimi təyin olunacaq”.
“Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənlinin vəfatından sonra məsciddə dini ayinləri, Cümə namazlarını İlahiyyat İnstitutunun tələbəsi Elmir Vəliyev icra edir:
“Biz bunu Məşədi Dadaş məscidinin icması ilə də müzakirə etmişik. 40 mərasimindən sonra məscidə din xadimləri təyin olunacaq. Əminəm ki, Elmir də orada fəaliyyətini davam etdirəcək”.
Dövlət Komitəsinin sədri əlavə edib ki, keçmiş Əbu Bəkir məscidində (Nərimanov rayon Cümə məscidi) isə təmir işləri başa çatdırılıb və məscidin yaxın zamanlarda açılışının olması gözlənilir.