Şəkidə Aprel döyüşləri şəhidinin xatirəsi anılıb - FOTO

Şəkidə Aprel döyüşləri şəhidinin xatirəsi anılıb - FOTO backend

Şəkidə Azərbaycan Ordusunun baş-leytenantı, Aprel döyüşlərində şəhid olan Elnur İskəndərovun xatirəsi anılıb.​

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, anım mərasimində şəhidin yaxınları, şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şəki şəhər şöbəsinin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

E.İskəndərovun məzarı üstə keçirilən anım mərasimində çıxış edənlər onun döyüş yolundan danışıblar, şəhidlə bağlı xatirələrini bölüşüblər.

Qeyd edək ki, Azərbaycan Ordusunun baş-leytenantı İskəndərov Elnur İskəndər oğlu 1989-cu ilin iyunun 1-də Şəki şəhərində anadan olub. 1995-ci ildə Şəki şəhər 11 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub və 2006-cı ildə həmin məktəbin 11-ci sinfini əla qiymətlərlə bitirib.

Məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub və həmin məktəbi zabit kimi bitirib. 2010-cu ildən isə leytenant kimi ordu sıralarında xidmətə başlayıb. Xidmət etdiyi illərdə döyüş yoldaşları arasında mərdliyi, qorxmazlığı və hərbi biliyi ilə hörmət qazanan Elnur sayılıb-seçilən zabitlərdən olub.

Baş-leytenant 2016-cı il aprel döyüşlərinə qatılıb. Döyüşlərin 3-cü günündə, aprel ayının 3-də Lələtəpə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

E.İskəndərov aprelin 11-də Şəki şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Onun bir oğlu var. Balaca Elmar atası şəhid olarkən hələ 7 aylıq idi. İndi onun 7 yaşı tamam olub.

E.İskəndərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib, yaşadığı küçəyə və Şəki şəhərinin girişində olan zirvəyə onun adı verilib.

Diaspora