Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzada ölən və yaralananların sayı məlum olub.
Sumqayıt şəhər Mərkəzi Xəstəxanasından APA TV-yə verilən məlumata görə, qəzadan sonra xəstəxanaya 10 yaralı gətirilib. Vəziyyəti daha ağır olan beş yaralı əməliyyata götürülüb. Digər yaralıların vəziyyəti orta ağır qiymətləndirilir. 1 saylı Şəhər Kliniki Xəstəxanasından bildirilib ki, qəza nəticəsində yaralananların hamısı Sumqayıta aparılıb, Bakıdakı xəstəxanalara yaralı yerləşdirilməyib. Səhiyyə Nazirliyi də dəhşətli qəzada 2 nəfərin ölməsi, 10 nəfərin yaralanması barədə xəbər yayıb.Hadisə şahidlərinin APA TV-nin hadisə yerində olan əməkdaşına verdiyi məlumata görə, qəza törədən mikroavtobus “Embawood” şirkətinə məxsus olub. Şirkətin işçilərini işə aparan mikroavtobus Ceyranbatan su anbarının yaxınlığında yoldan çıxaraq maneəyə çırpılıb.
“Yol ilə gedirdik, gördük hadisə baş verib. Əvvəl dedilər yaralılar, ölənlər var. Saxladıq, yaralıları maşından çıxarmağa kömək etdik. Bir yaralı olduğunu gördüm, dedilər ölən də var, amma mən görməmişəm. Bakı ilə Sumqayıt arasında işləyən mikroavtobus deyil, şirkətə məxsusdur. Dedilər işçilər hamısı şirkət işçiləridir”.
Hadisənin digər şahidi mikroavtobusun sürücüsünün yaralı olduğunu deyib.
“Sürücü ölməyib, yaralıdır, xəstəxanaya apardılar. Yaralılara kömək edən çox idi, təcili yardım maşınları vaxtında gəlmişdi”.
Xəstəxanadan verilən məlumata görə, qəzada ölən və yaralananların hamısı “Embawood” şirkətinin işçiləridir.