Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 104 il ötür

Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 104 il ötür backend

Martın 28-də Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 104-cü ildönümü tamam olur. Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır.

Artıq 26 ildir ölkəmizin təhlükəsizlik orqanlarının əməkdaşları 28 mart tarixini peşə bayramı günü kimi qeyd edirlər. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncamla hər il martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən peşə bayramı kimi qeyd olunur.

Ölkəmizdə milli təhlükəsizlik orqanının tarixi 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə Hərbi Nazirliyin Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsinin təşkil olunması ilə başlayıb. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı sonra onun qardaşı Nağı Şeyxzamanlı təyin edilib. Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya (ÇK) adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının (NKVD) tərkibində fəaliyyət göstərib, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub. Yetmiş illik sovet hakimiyyəti dövründə respublikamızda fəaliyyət göstərən dövlət təhlükəsizliyi orqanının vəzifəsi, əsasən mövcud quruluşu qorumaq, həmin totalitar rejimin ideologiyasına zidd düşüncə tərzinin yayılmasının qarşısını almaq olub.

Bu gün peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edən Azərbaycan dövlət təhlükəsizliyi və xüsusi xidmət orqanlarının əməkdaşları peşəkarlıq və müasir iş üslubu ilə çalışaraq xalqımızı və müstəqil dövlətimizi xarici qəsdlərdən və düşmən qüvvələrin təxribatlarından qətiyyətlə qoruyurlar. Eləcə də milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, dini ekstremizmə qarşı mübarizədə xalqımıza və dövlətçiliyimizə sədaqət və əsl vətənpərvərlik nümunələri göstərirlər.

Əminliklə demək olar ki, Azərbaycanın milli maraqlarına yönələn bütün təhdid və hər cür cəhdlərin qarşısı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə DTX-nin şəxsi heyəti tərəfindən bundan sonra da qətiyyətlə alınacaq, ölkədə davamlı sabitlik və əmin-amanlıq təmin ediləcək.

Azərbaycanın dövlətçilik tarixindəki mühüm rolu olan milli təhlükəsizlik orqanları əməkdaşlarını bu əlamətdar gün münasibətilə təbrik edir, çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulayırıq.

Diaspora