Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın təşəbbüsü ilə avqustun 21-dən sentyabrın 21-dək ölkəmizdə “Sülh aylığı” keçirilir.
AZƏRTAC xəbər verir ki, aylıq çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları vətəndaş cəmiyyəti institutları ilə birgə silsilə tədbirlər - konfranslar, “dəyirmi masa”lar keçirir, müsabiqələr və sərgilər təşkil edirlər.
“Sülh aylığı” çərçivəsində Ombudsmanın Cəlilabad Regional Mərkəzi Lənkəran rayonunun Girdəni və Xarxatan bələdiyyələrində, Cəlilabad Rayon Mədəniyyət və Turizm Şöbəsinin Mərkəzləşmiş Kitabxana Sistemində və Cəlilabad Rayon Bələdiyyəsində tədbirlər keçirib.
Keçirilən tədbirlərdə regional mərkəzin rəhbəri Ziya İsmayılov çıxış edərək, 1981-ci ildən BMT-nin qərarına əsasən, sentyabrın 21-nin bütün dünyada Beynəlxalq Sülh Günü kimi qeyd olunması və bu günün mahiyyəti barədə danışaraq Müvəkkilin çoxsaylı sülh təşəbbüsləri barədə məlumat verib.
Qeyd olunub ki, Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük mədəniyyətinin, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi aidiyyəti qurumlar qarşısında bir vəzifə kimi qoyulub. Müvəkkilin davamlı olaraq keçirdiyi hüquqi maarifləndirmə tədbirlərində ölkə vətəndaşlarının sülh mədəniyyəti təhsilinə yiyələnməsinə, mədəniyyətlərarası, dinlərarası dialoqun qurulmasına xüsusi diqqət yetirilir, milli və dini tolerantlığın hökm sürdüyü ölkəmizdə əhalinin, hər bir vətəndaşa sülh mədəniyyətinin aşılanması üçün səylər göstərilir.
Z.İsmayılov çıxışında Müvəkkilin fəaliyyət dövrü ərzində nüfuzlu beynəlxalq təşkilatlara ünvanlanmış bəyanatları barədə məlumat verərək, həmin bəyanatlarda Azərbaycan dövlətinin sülhsevər siyasət yürütdüyünün, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə, beynəlxalq norma və prinsiplər əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunun, lakin təcavüzkar Ermənistanın BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş dörd qətnamənin tələblərinə məhəl qoymadığının diqqətə çatdırıldığını bildirib.
Həmçinin mülki əhalinin - uşaqların, qadınların, ahılların, əlillərin hərbi münaqişələr zamanı insan hüquqlarının qorunmasına aid beynəlxalq sənədlərin, o cümlədən BMT-nin "Qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında Bəyannamə"sinin, “Silahlı münaqişələr (müharibələr) dövründə mülki əhalinin müdafiəsi haqqında” Haaqa Konvensiyalarının, “Müharibə qurbanlarının müdafiəsi haqqında” Cenevrə Konvensiyası və onun Əlavə protokollarının, habelə Uşaq Hüquqları Konvensiyasının müddəalarına əməl edilməsinin zəruriliyi qeyd olunub.