Qarabağ qaziləri Vasif Tağıyevi fəxri diplomla təltif edib - FOTO

Qarabağ qaziləri Vasif Tağıyevi fəxri diplomla təltif edib - FOTO backend

“Qarabağ qaziləri” İctimai Birliyi İranda Azərbaycan səfirliyinə edilən terror aktı  zamanı iranlı terrorçunu zərərsizləşdirən və yaralanan Tağıyev Vasif Natiq oğlunu birliyin fəxri diplomu ilə təltif edib.

Qaziler.az saytı xəbəri verir ki, “Qarabağ qaziləri” İctimai Birliyinin sədri Asəf Əliyev, birliyin sədr müavini Sadiq Quliyev, müşavir Fəzail Əsədov və Şuşa filialının sədri Kərim Hüseynov Tağıyev Vasifin evində olub və diplomu ona təqdim ediblər.

Görüş zamanı qazilər qəhrəmanlıq göstərmiş Vasif Tağıyeva təşəkkür ediblər. Azərbaycanın İrandakı səfirliyində çalışan insanların həyatını xilas etdiyinə və göstərdiyi igidliyə görə onu bu fəxri diploma layiq gördüklərini bildiriblər.

Daha sonra Vasif Tağıyev də çıxış edərək ona diqqət göstərdiklərinə görə təşəkkür edib və bu əməlini özünə borc bildiyini qeyd edib.

Xatırladaq ki, yanvarın 27-si Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycanın İrandakı Səfirliyinə silahlı hücum olub. Hücum zamanı mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, iki nəfər isə yaralanıb.

Qeyd edək ki, Vasif Tağıyevin atası Natiq Tağıyev Birinci Qarabağ müharibəsi iştirakçısıdır.

QAZİLER.AZ

Diaspora