Apteklərdə qiyməti tənzimlənmiş dərmanlar tapılmır

Apteklərdə qiyməti tənzimlənmiş dərmanlar tapılmır backend

Sentyabrın 15-dən dərman preparatları üçün yeni satış qiymətləri qüvvəyə minib. Lent.az-ın əməkdaşı Bakı və Sumqayıtın apteklərində qiyməti tənzimlənən dərmanlarla bağlı müşahidə aparıb. İlkin müşahidələrə əsasən, apteklərin qiymətləri təsdiqlənmiş 1057 dərman vasitəsi ilə təminatı hələ tam başa çatmayıb.


Baxış keçirilən apteklərin bəzilərində ümumiyyətlə qiyməti tənzimlənən dərmanlara rast gəlinməyib.
Bəzi apteklər isə qiymətləri tənzimlənmiş 20-25 ədəd dərman preparatı ilə artıq təmin edilib və həmin dərmanlar təsdiqlənmiş topdan satış qiyməti üzrə satılır.

Qeyd edək ki, Tarif Şurasının 2015-ci il 30 iyul tarixində keçirilmiş iclasında 256 dərman vasitəsi üzrə qiymətlər təsdiq edilib. İclasda ilk mərhələdə həyati vacib və daha çox tələbat olan 25 təsiredici maddə üzrə 250-dən çox dərman vasitəsinin qiyməti təsdiqlənib. Hazırkı qiymətlərə nisbətən qiymətləri tənzimlənmiş dərman vasitələrinin 20 faizinin qiyməti 3 dəfədən, 40 faizdən artıq dərman vasitəsinin qiyməti isə 2 dəfədən çox, ümumilikdə isə qiymətləri tənzimlənmiş dərman vasitələrinin 90 faizinin qiymətləri enib. Şuranın 2015-ci il 25 avqust tarixində keçirilmiş növbəti iclasında isə daha 801 dərman vasitəsinin qiyməti müəyyənləşdirilib. Ümumilikdə, elan olunmuş 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin qiymətləri tənzimlənib ki, bunun nəticəsində hazırda satışda olan dərman vasitələrinin qiymətləri ilə müqayisədə 46% dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 24% dərman vasitəsinin qiyməti 3 dəfədən çox ucuzlaşdırılıb, bütövlükdə isə həmin tərkib üzrə satışda olan dərmanvasitələrinin 94%-i üzrə qiymətlər aşağı salınıb. Bununla da, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin təqribən 15%-nin hazırkı qiymətlərlə müqayisədə əhəmiyyətli dərəcədə aşağı olan satış qiymətləri təsdiqlənib. Böyük sosial əhəmiyyət kəsb edən bu proses bütün dərman vasitələrinin qiymətləri tənzimlənənədək intensiv şəkildə davam etdiriləcək və bu ilin sonunadək əksər dərman vasitələri üzrə qiymətlərin tənzimlənməsi başa çatdırılacaq.

Qeyd edək ki, Tarif Şurasının son iclasında daha 55 yeni təsiredici maddə üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin qəbulu elan olunub.
Diaspora