Milli Məclisin deputatı, Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyevin başçılıq etdiyi nümayəndə heyəti Avstraliyada səfərdədir.
Sentyabrın 14-də nümayəndə heyətinin Avstraliya Senatının prezidenti Stiven Perri ilə görüşü keçirilib.Görüşdə parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi, dostluq qrupları arasında sıx əməkdaşlığın əhəmiyyəti, bunun iki ölkə arasında münasibətlərə verəcəyi töhfə vurğulanıb, iqtisadiyyat, ticarət, sosial və humanitar sahələrdə əməkdaşlıq haqda fikir mübadiləsi aparılıb. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün düşməsi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi barədə məlumat Avstraliya tərəfinin diqqətinə çatdırılıb.
Milli Məclisin sədri Oqtay Əsədovun Avstraliya Senatının prezidenti Stiven Perriyə ünvanlanmış Azərbaycana rəsmi dəvət məktubu qarşı tərəfə çatdırılıb. Dəvət məmnuniyyətlə qəbul edilib.
Həmin gün Azərbaycan nümayəndə heyətinin Avstraliya parlamentinin iqtisadiyyat komitəsinin sədri Con Aleksandrla da görüşü keçirilib.
Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi mövzusunda fikir mübadiləsi aparılıb.
Daha bir görüş parlamentin sənaye və kənd təsərrüfatı komitəsinin sədri Rouen Ramzeylə keçirilib. Söhbət zamanı hər iki ölkənin iqtisadiyyatı üçün ənənəvi olan kənd təsərrüfatı sahəsində qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.
Sentyabrın 15-də Avstraliya Universitetlər Birliyinin rəhbərliyi ilə keçirilmiş görüş zamanı əsasən iki ölkənin ali məktəbləri arasında əməkdaşlıq əlaqələrinin qurulması, tələbə-müəllim heyətinin qarşılıqlı mübadiləsi məsələləri barədə fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətinin iştirakı ilə dünyanın ən yüksək reytinqli 20 universitetindən biri hesab olunan Avstraliya Milli Universitetinin kitabxanasında səfirliyin təşkilatçılığı ilə Azərbaycana həsr olunan guşənin açılışı olub. X.Fətiyev tərəfindən kitabxanaya Azərbaycana dair kitablar hədiyyə edilib.
Səfər çərçivəsində Avstraliya Federal Parlamentinin nümayəndələr palatasının spikeri Toni Smit Azərbaycan nümayəndə heyətini qəbul edib. Görüşdə iki ölkə parlamentləri arasında əməkdaşlığın dərinləşdirilməsi, iqtisadi-ticarət, humanitar, təhlükəsizlik məsələləri müzakirə olunub. Milli Məclisin sədri Oqtay Əsədovun Toni Smitə ünvanlanmış Azərbaycana rəsmi dəvət məktubu qarşı tərəfə çatdırılıb. Dəvət məmnuniyyətlə qəbul edilib.
Sentyabrın 16-da Avstraliya Federal Parlamentinin üzvü və eyni zamanda parlamentin kəşfiyyat və təhlükəsizlik birgə komitəsinin sədri Dan Tehanla görüş zamanı Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün düşməsi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Azərbaycanın qlobal sülhün qorunması məqsədilə həyata keçirilən beynəlxalq antiterror əməliyyatlarda iştirakı barədə məlumat diqqətə çatdırılıb.
Bütün görüşlərdə Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidov iştirak edib.