Pərviz Şahbazov açıqlama verib
Zəngəzur dəhlizi həm nəqliyyat, həm də enerji dəhlizi olacaq.
QAZİLER.AZ Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə energetika naziri Pərviz Şahbazov X Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclası zamanı deyib.
O qeyd edib ki, bu dəhliz vasitəsilə Naxçıvana, Naxçıvandan Türkiyəyə və Avropaya enerji ixracı planlaşdırılır.
“Azərbaycan 2027-ci ildən Avropaya qaz ixracını 2 dəfə artıracaq. Bu ilin yanvarından bu istiqamətdə tərəfdaşlarla işləməyə başlamışıq”, - deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.
Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər