Naftalanda “Marketinq və menecment”, “Naftalan şəhərində kurortların inkişaf perspektivləri” və İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən xidmətlər” mövzularına həsr edilmiş “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, “dəyirmi masa”da Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Afət Cabbarova, Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin rəhbəri Rövşən Novruzov, Qazax nümayəndəliyinin rəhbəri Natiq Qocayev müzakirə olunan mövzular ətrafında çıxış ediblər.
İş adamlarının və gənclərin iştirak etdikləri “dəyirmi masa”da elektron portallar və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi barədə geniş məlumat verilib.
Sonda mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanan metodiki vəsaitlər paylanıb.