Şabran rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində reyd keçirib. APA TV-nin şimal bürosuna verilən məlumata görə, reydin əsas məqsədi yeni dərs ilinin başlanması ilə əlaqədar məktəblilərin yollarda təhlükəsizliyi təmin etmək, şagirdləri və sürücüləri maarifləndirmək olub.
Reyd zamanı sürücülərlə yanaşı, piyadalar da maarifləndirilib. Məktəblilərə yolu keçərkən hansı qaydalara riayət etməli olduqları barədə məlumat verilib. Bununla yanaşı, reyd zamanı piyadalara yol verməyən sürücülər polis tərəfindən saxlanılaraq cərimələnib.
Şabranda təşkil edilən reyd “Diqqət, uşaqlar!” adı altında həyata keçirilən təhlükəsizlik ayı çərçivəsində baş tutub. Sentyabrın 15-dən oktyabrın 15-dək keçiriləcək təhlükəsizlik tədbirlərinin məqsədi azyaşlıların, yeniyetmələrin iştirakı ilə baş verən yol nəqliyyat hadisələrinin qarşısını almaqdır. Bu kimi reydlərin qarşıdakı dövrdə də keçirilməsi planlaşdırılır.