“ABŞ-ın bir ölkədəki səfirliyinin digər ölkəyə aid qərəzli materialı yayması özü-özlüyündə absurddur. ABŞ-ın İrəvandakı səfirliyinin öz səlahiyyətlərinə qətiyyən aidiyyəti olmayan məsələni işıqlandırması diplomatik normalara sığmır və ABŞ-Azərbaycan münasibətlərinə kölgə salır. Bu addımı yalnız siyasi sifariş kimi qiymətləndirmək mümkündür».
Bu sözləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdir müavini Ərəstü Həbibbəyli sentyabrın 8-də ABŞ-ın Ermənistandakı səfirliyinin “Guardian” qəzetində Xədicə İsmayılova ilə bağlı yazılan qərəzli məqaləni “Twitter” hesabında yerləşdirdilməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ABŞ-ın İrəvandakı səfirliyinin Ermənistanda baş verən qanunsuzluqlara, mitinqlərdə öldürülən insanlarla bağlı məsələyə münasibət bildirməməsi maraq doğurur: «Ermənistanda hər gün hakimiyyətə qarşı nümayişlərdə sadə insanlara qarşı çoxsaylı pozuntular baş verir. Sual yaranır ki, bu ölkədəki ABŞ səfirliyi məlum hadisələri görmür, yoxsa münasibət bildirməyə cəsarəti çatmır? Bunun əvəzinə isə akkreditə olunmadığı ölkəyə qarşı qarayaxma kompaniyasına qoşulması heç bir məntiqə sığmır».
Ə.Həbibbəyli bildirib ki, ABŞ Dövlət Departamentinin məsələyə münasibəti yalnız ikili standartlardan ibarətdir: “Əgər həqiqətən də Dövlət Departamenti dünyadakı hadisələrə universal dəyərlər baxımından baxırsa, onda Azərbaycandakı səfirliyinə Ermənistanda hər gün baş verən zorakılıqlara, insan hüquqlarının pozulmasına münasibət bildirmək, Ermənistandakı səfirliyinə isə erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindən qovulmuş azərbaycanlı qaçqınların fundamental insan hüquqları ilə bağlı tvit verməklə bağlı təlimat versə yaxşı olar”.