Son bir ildə 15 bölgədə rayon (şəhər) təhsil şöbəsinin rəhbəri işdən azad edilib.
Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, təhsilin idarə edilməsində şəffaflığın artırılması və səmərəliliyin təmin edilməsi vacib məsələ olduğundan bu və ya digər səbəbdən işin öhdəsindən gələ bilməyən təhsil şöbələrinin rəhbərləri işdən azad olunub.
Nazirlikdən bildirilib ki, orta təhsil səviyyəsində təhsilin keyfiyyəti yaxşılaşıb. Son 3 ildə ümumi təhsil pilləsini bitirən məzunların arasında müvəffəq qiymət alanların sayı 14% artıb: "Buraxılış, qəbul və milli qiymətləndirmə layihələri göstərir ki, şəhər yerləri ilə kənd yerləri arasında keyfiyyət fərqi mövcuddur. Bəzi bölgələrdə IX sinif məzunlarının 50%-dən çoxu buraxılış imtahanlarında “qeyri-kafi” qiyməti alır. Bununla bağlı olaraq, hazırda regionlarda təhsilin idarə edilməsində keyfiyyətin artırılması əsas prioritetlərdən sayılır. Təhsil Nazirliyinin qarşısında duran əsas məqsədlərdən biri şagird nailiyyətlərinin artırılması kontekstində buraxılış imtahanlarını nəticələrinin yaxşılaşmasıdır ki, bununla bağlı müsbət dinamikanın davam etdirilməsi üçün IX sinifdən əvvəl şagird nailiyyətlərinin monitorinqi aparılması, IV və ya VI sinifdə şagirdlərin diaqnostik qiymətləndirilməsi, bu nəticələr əsasında qabaqlayıcı tədbirlər həyata keçirilməlisi təklif edilir".