Müəllim hazırlığı ilə məşğul olan ali təhsil müəssisələrində keyfiyyət qaldırılmalı, yeni yanaşmalar tətbiq olunmalıdır. Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu, yeni dərs ilində nəzərdə tutulan əsas prioritetlərdəndir.
Nazirliyin məlumatında qeyd edilir ki, təhsil sisteminə daha keyfiyyətli müəllimlərin yönləndirilməsi istiqamətində görülən işlərdən biri də müəllimlərin sınaq qiymətləndirilməsidir. Sınaq qiymətləndirməsində son 5 ildə işə götürülmüş müəllimlər daha yüksək nailiyyət göstəriblər.
Müəllimlər üçün təşkil edilən ixtisasartırma təlimləri də formal xarakter daşımır, yeni qiymətləndirmə modulları əsasında keçirilir, hansı problem sahəsinin olduğu müəyyənləşdirilir və ona uyğun təlimlər təşkil olunur.
Bundan başqa, Təhsil Nazirliyi tərəfindən müəllimlik ixtisasına qəbul olan yüksək bal toplayan tələbələrin həvəsləndirilməsi məqsədilə 2 ildir ki, təqaüd proqramı həyata keçirilir.
Təhsilin keyfiyyətinə təsir edən digər amillərdən biri də məktəblərin idarəetməsində edilən dəyişikliklər, yeni direktorların təyinatıdır. Artıq 2 ildir ki, yeni direktorların işə qəbulu prosesi davam edir. Bakı şəhərində 40, regionlarda 350 nəfər yeni direktor vəzifəsinə təyinat alıb.