Arxeoloqlarımız ermənilərin işğal olunmuş ərazilərimizdəki qazıntılarını müzakirə etdilər

Arxeoloqlarımız ermənilərin işğal olunmuş ərazilərimizdəki qazıntılarını müzakirə etdilər backend

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə Əlaqələr Şöbəsindən QAZİLER.AZ-a verilən məlumata görə, bu gün AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. Elmi Şura iclasının ilk məsələsi işğal edilmiş Azərbaycan Respublikası ərazilərində işğalçı ermənilər tərəfindən aparılan qanunsuz arxeoloji tədqiqatlara həsr edilmişdi.

Elmi Şuranın iclasını AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova açaraq bildirdi ki, işğal altında torpaqlarımızda ermənilər və onlara dəstək verən bəzi Qərb tədqiqatçılarının apardığı qanunsuz tədqiqatlar nəticəsində Azərbaycan Respublikasının tarixi maddi-mədəni sərvətlərinin dağıdılması və talanması, Azərbaycan tarixinin saxtalaşdırılması kimi insanlığa sığmayan məqsədli siyasət gerçəkləşdirilir. Bu problem daim Arxeologiya və Etnoqrafiya İnstitutunun diqqət mərkəzindədir və erməni işğalçılarının apardığı qanunsuz və heç bir elmi etikaya sığmayan saxtakar tədqiqatları barədə İnstitut əməkdaşları tərəfindən xüsusi məlumatlar toplanmaqdadır. Maisə Rəhimova mövzu ilə bağlı çıxış üçün sözü İnstitutun əməkdaşı Səbuhi Hüseynova verdi.

Səbuhi Hüseynovun “İşğal altındakı Qarabağ torpaqlarında son dövrlərdə aparılan qanunsuz arxeoloji tədqiqatlar” mövzusunda çıxışı dinlənildi. Çıxış Səbuhi Hüseynov və İnstitutun əməkdaşı Fuad Hüseynov tərəfindən hazırlanmış vizual elektron görüntülərlə müşayət edilirdi. Məruzəçi çıxışında bildirdi ki, işğal edilmiş ərazilərdə son dövrdə iki qanunsuz arxeoloji ekspedisiya fəaliyyət göstərir. Qanunsuz tədqiqatlar “Arsax” (Ermənistan EA-nın və İrəvan Universitetinin tarix fakültəsinin birgə təşkil etdiyi) və bəzi Qərb ölkələrindən olan mütəxəssislərin də cəlb edildiyi “Azokh Cave İnternational Expedition” adlı ekspedisiyaları tərəfindən aparılır. İşğal edilmiş ərazilərimizdə qanunsuz tədqiqatlar Ermənistan və bəzi Avropa ölkələrinin rəsmi dövlət qurumları (nazirliklər, institutlar, fondlar və d.), həmçinin, əcnəbi özəl fondlar və erməni diasporları tərəfindən maliyyələşdirilir. Son layihə (“Cave and Caucasian corridor – 2017”) çərçivəsində qanunsuz tədqiqatların nəticələrinin 2016-cı ildə hətta, samballı Shpringer Publish House kimi beynəlxalq nəşriyyatda dərc edilməsi nəzərdə tutulub. Qanunsuz tədqiqatların nəticələrinin beynəlxalq elmi jurnallarda dərci zamanı yer adları erməniləşdirilir (məsələn, “Azıx mağarası” erməni “Azox” sözü ilə əvəz edilir), tarixi abidənin yerləşdiyi dövlətin adı Azərbaycan Respublikası deyil, qondarma “Dağlıq Qarabağ Respublikası” kimi göstərilir.



Çıxış ətrafında müzakirələr zamanı hal-hazırda erməni işğalı altında olan Qarabağ torpaqlarında vaxtilə, işğaldan öncə tədqiqatlar aparmış tarix üzrə elmlər doktoru Əsədulla Cəfərov, tarix üzrə elmlər doktoru Hidayət Cəfərov, tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev, həmçinin, Elmi Şuranın digər üzvləri İnstitutun dəfələrlə bu problemlə bağlı beynəlxalq təşkilatlara müraciət etdiyini bildirdilər, bu çağırışların beynəlxalq təşkilatların, müxtəlif ölkələrin elm ocaqlarının səssiz və biganə reaksiyası ilə qarşılanması faktını vurğuladılar. İrəli sürülmüş təklifləri nəzərə alaraq İnstitutun Elmi Şurası yekdilliklə qərara aldı ki, erməni işğalçıları tərəfindən qanunsuz arxeoloji tədqiqatların aparılması ilə bağlı məsələ AMEA Rəyasət Heyəti qarşısında qaldırılsın. Həmçinin, erməni işğalçılarının göstərilmiş cinayətkar əməllərinin qarşısını almaq üçün təkliflər paketi AMEA Rəyasət Heyətində müzakirəyə çıxarılsın.



Elmi Şuranın iclasında qonaq kimi iştirak edən Azərbaycan – Almaniya Beynəlxalq arxeoloji ekspedisiyasının üzvü cənab Andrea Riççi məlumat verdi ki, bu ilin may ayında ABŞ-ın Los-Anceles Universitetində Cənubi Qafqazda tədqiqatlar mövzusunda seminar keçirilmişdi. Andrea Riççi seminar zamanı Azərbaycanda aparılan tədqiqatların nəticələri barədə məruzə edərkən erməni əsilli amerikalı və ermənistanlı seminar iştirakçıları Mil-Qarabağ düzənliyində eneolitdən başlayaraq bütün abidələrin Azərbaycan xalqına deyil, guya ermənilərə məxsus olması barədə əsassız iddialar irəli sürməklə seminarı pozmağa cəhd etmişlər. Onların əsassız iddialarına tutarlı cavablar verilmişdir.



Elmi Şuranın ikinci məsələsi, İnstitutun nəzdində Təhsil və Elmi Əlaqələr şöbəsinin yaradılması məsələsi idi. Məsələ barədə çıxış edən doktor Maisə Rəhimova bildirdi ki, artıq Azərbaycanda arxeologiya üzrə mütəxəssislərin yetişdirilməsi dünya standartlarına uyğun yeni mərhələyə keçməkdədir. Bunun əsas göstəricisi isə, İnstitut nəzdində Təhsil və Elmi Əlaqələr şöbəsinin yaradılması olacaqdır. Məsələ ilə bağlı müzakirədən sonra Elmi Şuranın yekdil qərarı ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində Təhsil və Elmi Əlaqələr şöbəsinin yaradılması qərarını verdi.


Diaspora