Şəhid təyyarəçi Baş Leytenant Yusif Vəliyevin doğum günüdür.
Qaziler.az xatırladır ki, şəhid təyyarəçi baş leytenant Yusif Yaqub oğlu Vəliyev 1968-ci il fevralın 14-də Nehrəm kəndində doğulub. 1985-ci ildə Nehrəm kənd orta məktəbini əla qiymətlərlə bitirib. Rus və ingilis dillərini mükəmməl bilib. 1985-1990-cı illərdə Riqa Ali Hərbi Aviasiya Akademiyasında təhsil alıb. Təhsilini başa vuran Yusif Vətənin dar günündə vətəni Azərbaycana dönərək, doğulduğu Naxçıvan torpağında xidmət etməyə başlamışdır. 1992-ci ildə Vətən uğrunda gedən döyüşlərdə qəhrəmanlıq və şücaət nümunəsi göstərən Vəliyev Yusif Yaqub oğlu 1992-ci ilin mayın 12-də şəhidlik zirvəsinə ucalıb.
Yusif Vəliyevin torpaqlarımızın müdafiəsində və Milli Ordunun yaradılmasında göstərdiyi xidmətlər və apardığı mübarizə danılmaz bir həqiqətdir. Dar gündə Vətənə dönməsi onun qəhrəmanlığının sübutudur. Yusif Vəliyev tez-tez döyüş bölgələrində olur və həmin yerlərə silah-sursat aparırdı. O, sovetlər dönəmindən qalan Azərbaycana məxsus silahların vətəndən çıxarılmaması üçün əlindən gələni etməyə çalışırdı. Onun döyüş yolu Sədərək, Günnüt, Tovuz, Qazax, Füzuli, Qubadlı, Zəngilan və bir çox döyüş bölgələrinə qədər gedib çıxmışdır. Qanadlanan şahinimiz Vətənin səmasına yüksələrək düşmən üzərinə hücuma keçmiş, lakin qanadlarına tuş gələn düşmən gülləsi onu bu ənginliklərdə də əbədiyyətə qovuşdurmuşdur. Ona dəyən güllə xalqın ürəyindən keçsə də, bu yara heç kəsi sarsıtmamış, əksinə, hər kəsin iradəsini, təpərini möhkəmlətmiş, mübarizəyə səsləmişdir.
Yusifin qəhrəmanlığı həyat yoldaşı, şairə Arzu Kazımqızı Nehrəmlinin əsərləri ilə yanaşı Azərbaycanın bir çox tanınmış şair və bəstəkarlarının da əsərlərində özünə yer tapmışdır. Əli Vəkilin, Sabir Arazlının, Vahid Əzizin, Hüseyn Sözlünün, Fərqanə Mehdiyevanın və başqalarının mahnı, şeir və poemalarını nümunə göstərmək olar. Xalqımız hər zaman Yusif kimi oğulları ilə fəxr etmiş və edəcəkdir.
Ölümündən sonra Ulu Öndər şəhidin ailəsinə başsağılığı vermək üçün iki dəfə evlərinə gəlmiş, ailəsi ilə şəxsən görüşmüşdür.
Şəhidimizin Nehrəm kəndində Şəhidlər Xiyabanında büstü ucaldılmışdır.
Ailəli idi. Zübeydə adlı qızı var.
Yusifin 45 yaşına həsr olunmuş Sabir Arazlının yazdığı poemadan bir parça:
Sən gənc ikən,
Qanadlanıb göy səmaya ucalarkən...
İki istək kükrəyərdi ürəyində;
İlk olaraq, nəqşi-cahan Naxçıvanı
seyr eləmək istəyərdin.
Daha sonra...
Zəngəzuru, Qarabağı,
Göyçə, Qazax, Gəncə, Ağdam...
Şamaxını, Lənkəranı, -
külli-Azərbaycanı
seyr eləmək istəyərdin.
Sən gənc ikən,
Qanadlanıb göy üzünə ucalarkən...
bir də
Arzu sevdasını yaşadardın
ürəyində;
Bu istəklər ülvi, istək, arzu idi!
Bax... o zaman... ağ buludlar
ürəyində
tükənməyən arzuların
deyilməmiş,
hərarətli sözü idi.
Ona görə,
Buludlara üz tutardın.
Sən...
Nehrəmdən qanadlanan
arzularla uçduğundan
Göy üzündə olduğunu unudardın.
Ağ buludlar, göylər vardı, -
sən də vardın...
Ağ buludlar məktubundu, -
Ürəyindən keçənləri
pəmbə-pəmbə buludlara yazar,
sonra...
Arzu adlı sevdalına göndərərdin.
Sənin üçün
bu dünyada ancaq, ancaq...
sevda vardı,-
Olmaz idi özgə dərdin.
Sənə elə gələrdi ki,
Ağ buludlar ağ çiçəkdir!
Parçalanıb dağılanda
düşünərdin;
"çiçəyim ləçək-ləçəkdir"
Bax.... o zaman... bu dünyada
hər şey röyaydı səninçin,
Dağıldı o ağ buludlar,
yuxuların olmadı çin.
S.Arazlı "Baxıram geridə qalan günlərə" kitabından
QAZİLER.AZ