Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Paralimpiya İdman Kompleksi əlilliyi müəyyən edilmiş şəxslərin idman bacarıqlarının artırılmasında, müxtəlif idman yarışlarına hazırlığının, həmçinin tibbi-sosial reabilitasiyanın təşkilində mühüm rola malikdir.
Bu barədə Qaziler.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda qeyd edilib.
Ötən il Kompleksdə əlilliyi olan 561 idmançıya xidmət göstərilib. Hazırda 470 idmançı burada göstərilən xidmətlərdən yararlanır.
Kompleksdə təlim-məşq toplanışları, idmançıların idman yarışlarına hazırlaşmaları üçün zəruri şərait yaradılıb. Məşqlər Azərbaycan Milli Paralimpiya Komitəsi ilə birgə əməkdaşlıq çərçivəsində təşkil olunur.
Ötən il burada daha iki paralimpiya idman növü - oxatma və tennis üzrə də məşqlərin keçirilməsinə başlanılıb. Paralimpiya İdman Kompleksində hazırda 10-dan çox idman növü (paracüdo, parapouerlifting, oturaq voleybol, güllə atıcılığı, kamandan oxatma, üzgüçülük və s.) üzrə məşqlər keçirilir. Onlardan 6-sı paralimpiya idman növlərinə daxildir.
"Tokio-2020" Yay Paralimpiya Oyunlarında tarixi qələbələrə imza atan paralimpiyaçılarımızın bir hissəsi də Paralimpiya İdman Kompleksində təlim-məşq prosesi keçib.