Azərbaycanda antiinhisar qanunvericiliyi və haqsız rəqabət sahəsində nəzarət tədbirləri çərçivəsində "Azercell Telekom" MMC-yə qarşı 1,6 milyon manat məbləğində maliyyə sanksiyası tətbiq olunub və pozulma hallarının aradan qaldırılmasına göstəriş verilib.
Trend-in məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
"Bundan başqa, "Araz Supermarket" MMC-yə haqsız rəqabət hallarına, yəni qanunsuz (qeyri-dəqiq) reklama yol verməmək göstərişi verilib və şirkətə qarşı 2,5 milyon manat məbləğində maliyyə sanksiyası tətbiq olunub", - o deyib.
M. Abbasbəyli bütünlükdə 6,47 milyon manatdan artıq məbləğdə maliyyə sanksiyalarının tətbiq olunduğunu vurğulayıb.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanda antiinhisar məsələləri və haqsız rəqabət halları üzrə qaldırılan işləri sayı 2021-ci illə müqayisədə üç dəfə, bağlanmış işlərin sayı isə 2,2 dəfə artıb. 2022-ci ildə 48 iş araşdırılaraq bağlandığı halda, 2021-ci ildə bu cür işlərin sayı 22, 2020-ci ildə isə 6 olub.