Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) qurumdakı kütləvi istefalarla bağlı yayılan məsələlərə münasibət bildirib.
İttifaqdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ARKİ-nin Nizamnaməsinə əsasən, səbəbindən asılı olmayaraq, istənilən şəxs istənilən vaxt üzvlükdən imtina etməklə əlaqədar ərizə ilə müraciət edə bilər:
“Mətbuatda adları təqdim edilən ARKİ-nin bəzi nümayəndələrinin üzvlükdən imtina etməsi ilə əlaqədar bildiririk ki, üzvlükdən imtina ilə əlaqədar ARKİ-yə heç bir müraciət daxil olmayıb.
Adları mətbuata təqdim edilən bəzi üzvlərlə əlaqə saxlanılıb, lakin həmin üzvlər xəbəri mətbuatdan eşitdiklərini və üzvlükdən imtina barədə nə şifahi, nə də yazılı müraciət etmədiklərini deyərək, əksinə adlarından istifadə edərək belə xarakterli məlumatın yayılmasına tənqidi yanaşdıqlarını bildiriblər”.
13:10
Mədəniyyət Nazirliyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqındakı istefalarla bağlı açıqlama verib.
Nazirlikdən Oxu.Az-a bildirilib ki, ölkədə mədəniyyət sahəsində fəaliyyət göstərən ictimai təşkilatlar, o cümlədən kino ittifaqları qanunvericiliyə əsasən öz fəaliyyətlərini əsasnamələrinə uyğun olaraq müstəqil şəkildə həyata keçirirlər:
“Sözügedən qurumların fəaliyyətlərinin təşkili və ona nəzarət olunması Mədəniyyət Nazirliyinin səlahiyyətlərinə daxil deyil”.