Paytaxtdakı xüsusi ayrılmış ət kəsimi məntəqələrindən kənarda qurban kəsənlər cərimələnəcək. Bunu ANS PRESS-ə açıqlamasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat katibi Yolçu Xanvəli deyib.
Onun sözlərinə görə, cərimələrin miqdarı fiziki şəxslər üçün 20-25 manat, hüquqi şəxslər üçün isə 50 manat miqdarında nəzərdə tututlur.“Cərimələr əhalinin ötən illərdə olduğu kimi bu il də şəhəri zibilləməsinin qarşısını almaq üçün nəzərdə tutulub. Keçmiş illərə nəzər salsaq görərik ki, kim hansı şəkildə və harda istəyirdi qurban kəsirdi və kəsilən heyvanların artıq hissələri şəhərin zibil qutularına və yol kənarlarına atılırdı. Hazırda ət kəsimi üçün 10 məntəqə müəyyənləşdirilib ki, qurbanlar həmin ərazilərdə kəsiləcək.”- deyə mətbuat katibi bildirdi.
Yolçu Xanvəli həmçinin qurbanlıq heyvanların sağlamlığı məsələsinə də aydınlıq gətirdi.
Onun sözlərinə görə, Baytarlıq İdarəsinin əməkdaşları rayonlardan gətirilən iri və xırdabuynuzlu heyvanların sağlamlıqları barədə 1 nömrəli şəhadətnaməni tələb edəcək və xəstəliyi olan heyvanlar satışdan çıxarılacaq.
“Heyvanların hansı ərazilərdə satılacağı isə hələlik müəyyən edilməyib. Keçən illərdəki kimi paytaxtda çoxsaylı satış məntəqələri olacaq. Lakin ötən illərdən fərqli olaraq bu il bütün satış məntəqələrində təmizliyə riayət olunması qaydalarına baytarlıq əməkdaşları nəzarət edəcəklər.”-deyə Yolçu Xanvəli əlavə etdi.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən isə Bakıda fəaliyyət göstərəcək həmin 10 ət kəsimi məntəqəsinin müəyyənləşdirilməsi istiqamətində işlər aparıldığını bildirdilər.
Qurban bayramı ərəfəsində kənd təsərüfatı yarmarkalarının keçirilməsi məsələsinə gəlincə bunun hazırda müzakirə olunmadığını bildirdilər.
21 noyabr 2014-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti "2015-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" Qərar qəbul etmişdi.
Həmin qəarar əsasən 24 və 25 sentyabr ölkəmizdə Qurban bayramı günü kimi qəbul edilib.
Qanunvericiliyə uyğun olaraq, həmin həmin tarixlər qeyri iş günü hesab edilir.