Xəstəliklərə dair portalların təqdimatı keçirilib

Xəstəliklərə dair portalların təqdimatı keçirilib backend

Sentyabrın 11-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) təşkilatın www.saglamliq.isim.az maarifləndirici internet səhifəsində yaradılan reproduktiv sağlamlıq və qeyri-infeksion xəstəliklərə dair məlumat portallarının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, müxtəlif xəstəliklər səbəbindən ölüm və xəstələnmə hallarının profilaktikası məqsədi ilə geniş əhali, xüsusilə gənclər arasında maarifləndirmənin aparılması məqsədi ilə qeyri-infeksion xəstəliklərə dair məlumat portalı yaradılıb. Təqdimat mərasimində İSİM-in səhiyyə kommunikasiyası və ictimai əlaqələr şöbəsinin PR meneceri Səadət Hənifəyeva sayt barədə məlumat verib.

Bildirilib ki, burada şəkərli diabet, yüksək qan təzyiqi, artıq çəki və piylənmə, sağlam qidalanmanın əsasları, tütünçəkmə, spirtli içkilərdən sui-istifadə, fiziki aktivlik və digər hallarla bağlı ətraflı məlumat və tövsiyələr əldə etmək mümkündür. Bununla yanaşı, istənilən şəxs portalda yaradılan “Mənim sağlamlığım” bölməsinə daxil olaraq, ümumi sağlamlıq vəziyyətini qiymətləndirməklə sağlamlıq üçün risk faktorlarını müəyyənləşdirə və onların aradan qaldırılması, profilaktikası üçün dəyərli məlumatlar əldə edə biləcəklər.

“Reproduktiv Sağlamlıq” portalının əsas məqsədi isə ana və uşaq ölümünün azaldılması, təhlükəsiz doğuşların aparılması, mamalıq ağırlaşmalarının profilaktikası, yenidoğulmuşlara keyfiyyətli tibbi qayğının göstərilməsinin təmin edilməsidir. İstənilən qadın “Mənim Reproduktiv Sağlamlıq” bölməsinə daxil olaraq, reproduktiv sağlamlıq vəziyyətini qiymətləndirə bilər.

Portalda yerləşdirilən məlumatlar tibb elminin ən son müasir tövsiyələrinə əsaslanır və onların hazırlanmasında UNİCEF, ÜST, ABŞ-ın CDC, Böyük Britaniyanın NHS və NİCE təşkilatlarının əhali üçün nəzərdə tutulan informasiya və təlim materiallarından istifadə edilir.
Diaspora