ZİYA MƏMMƏDOV TƏHVİL-TƏSLİMƏ BAŞLADI! – Oğlunun marşrutları və oteli əlindən alındı!

ZİYA MƏMMƏDOV TƏHVİL-TƏSLİMƏ BAŞLADI! – Oğlunun marşrutları və oteli əlindən alındı! backend

Nəqliyyat naziri Ziya Məmmədovun səlahiyyətlərinin məhdudlaşdırılması və ailə biznes-imperiyasının aktivlərini əldən verməsi prosesi davam edir. Son məlumata görə, nazirin oğlu Anar Məmmədovun şirkəti olan və bir vaxtlar Bakının sərnişindaşıma nəqliyyatında inhisarçı olan “Transgate” MMC-yə məxsus bütün avtobus marşrutları şirkətdən alınıb. Bunu Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) “Report” agentliyinə bildiriblər. Mərkəzdən bildirildiyinə görə, şirkətə məxsus avtobuslar istifadəyə yararsız olub və nəticədə xətdən uzaqlaşdırılıb.

“Bu yaxınlarda “Transgate”ə məxsus avtobusda yanğın baş verib və digər texniki nasazlıqlar da qeydə alındığı üçün həmin avtobuslar xətdən çıxarıldı. Bunun əvəzində başqa daşıyıcılara məxsus daha müasir və keyfiyyətli avtobuslar xəttə çıxarılıb, yəni hazırda eyni xətlə başqa daşıyıcıların yeni avtobusları hərəkət edir”- mərkəzin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı bildirib.



Məlumata görə, “Transgate” MMC-yə məxsus 11 marşrut xəttinin 1-i ləvğ edilib, qalanları isə başqa daşıyıcılara verilib.

Virtualaz.org saytının mötəbər qaynaqlardan əldə etdiyi digər məlumata görə, Məmmədovların daha bir biznes aktivi – Qubadakı “Rixos Quba” oteli də əllərindən alınıb. Otelin bu günlərdə başqa mülkiyyətçiyə keçdiyi bildirilir.



Qeyd edək ki, paytaxtın nəqliyyat sisteminə uzun müddət nəqliyyat naziri Ziya Məmmədovun yaxınları nəzarət edib. Belə ki, Bakı şəhərində həm ictimai nəqliyyata, həm də taksilərə nəzarəti 2007-ci ilin yanvarında yaradılmış “Bakı Sərnişin Nəqliyyatı” MMC həyata keçirir. Əhali arasında hələ də Nəqliyyat Departamenti kimi tanınan bu qurumun rəhbərliyində əvvələr Ziya Məmmədovun doğma bacısı oğlu Davud Əfəndizadə, son illər isə qardaşı oğlu Rövşən Məmmədov əyləşib.
Ancaq sərnişindaşımada fəaliyyət göstərən iş adamlarından birinin “AzPolitika.info”ya verdiyi məlumata görə, Rövşən Məmmədovun “Bakı Sərnişin Nəqliyyatı” MMC-yə sədrliyi formal xarakter daşıyıb. Quruma faktiki rəhbərliyi Rövşən Məmmədovun dövründə də Davud Əfəndizadə həyata keçirib.
Yalnız bu ilin aprelində Rövşən Məmmədov tutduğu vəzifədən azad edildikdən sonra, Davud Əfəndizadənin hökmranlığına nisbətən də olsa son qoyulub. Qurumun sədri vəzifəsinə Elman adlı şəxs təyin olunub ki, onun bundan öncə Daxili Qoşunlarda xidmət etdiyi bildirilir.



Ziya Məmmədovun “Bakı Sərnişin Nəqliyyatı” Məhdud Məsuliyyətli Cəmiyyətini yaratmaqda da məqsədi məhz Bakı şəhərində həm ictimai nəqliyyata, həm də taksilərə nəzarəti həyata keçirmək olub. Buna görə də rəhbərliyi ən yaxın qohumlarına tapşırıb. Bacısı oğlu da bu işin öhdəsindən “layiqincə” gəlib. «Ziya Məmmədovun qoçuları» kimi tanınan müfəttişlərin paytaxtda sürücülərin başına açdıqları oyunlarda Davud Əfəndizadənin “rolu” az olmayıb. Bu müfəttişlər vasitəsilə həm taksilərdən, həm də şəhər daxilində ictimai nəqliyyatda fəaliyyət göstərən avtobuslardan qeyri-rəsmi gündəlik və aylıq haqq yığılıb.

Bir dövr taksilərdən qeyri-rəsmi “haqq” yığımı üçün «Bakı Sərnişin Nəqliyyatı» MMC-nin nəzdində yaradılan “51″ adlandırılan kod – ödəniş məntəqəsi vasitəsilə ildə 20-30 milyon pul toplanırdı. ”51-ə” pul ödəməyin müqabilində isə sürücülər VÖEN açdırmaqdan və lisenziya almaq üçün pul ödəməkdən azad edilirdilər. Sonradan ”51″ ləğv edilsə də, rüşvət yığımı davam etdi. Təkcə taksi xidməti göstərənlərdən illik yığılan rüşvətin həcmi milyonlarla manat təşkil edirdi.



Sözügedən qurum marşrut avtobuslarından da gündəlik və aylıq haqq yığıb. Hələ bir neçə il əvvəl bizə verilən məlumatda bildirilirdi ki, marşrut xəttinə lisenziya almaq üçün sahibkarlardan 20-30 min manat rüşvət alınır. Bundan əlavə, marşrut sahiblərindən aylıq hər avtobusa görə 250-300 manat qeyri-rəsmi haqq yığılır. Buna «dəftərə yazılan haqq» deyirlər ki, hətta himayəsi olan sahibkarlar belə bunu verməkdən imtina edə bilmirlər. Gündəlik olaraq isə hər avtobusdan müfəttişlərin 3-5 manat yığdığı bildirilirdi. Bu hesabla ayda nə qədər haqq yığıldığını söyləmək çətin olsa da, bunun da milyonlarla manatla ölçüldüyü şübhə doğurmur. Hansı ki, bu prosesə də nəzarəti Ziya Məmmədovun bacısı və qardaşı oğlunun rəhbərlik etdiyi qurum həyata keçirirdi.

Məhz bu rüşvət sistemi və “yad” sahibkarların təzyiq altında saxlanması nəticəsində marşrut xətlərinin də böyük hissəsi Ziya Məmmədovun yaxınlarının əlinə keçmişdi. Belə ki, son günlərə qədər nazirin yaxınlarının şirkətləri paytaxtda marşrutların böyük hissəsinə nəzarət edirdi.

«Transqeyt» şirkəti marşrut sektorunda inhisarçı hesab edilirdi. Bu şirkətin paytaxtdakı marşrutlarının sayı gündən-günə artdığından, sonuncu dəfə onun nəzarətində nə qədər marşrutun olması haqda dəqiq nə isə söyləmək çətindir. Ancaq bəzi məlumatlarda onların sayının 40-a yaxın olduğu bildirilirdi. Həmçinin «Transqeyt» şirkətinin paytaxtda 200-ə yaxın iritutumlu avtobusu marşrut xətlərinə buraxıdığı və hər birindən gündəlik 160-200 manat plan aldığı qeyd olunurdu.

Bundan əlavə, dövlətin xəttilə gətirilən 550 üçqapılı iri avtobuslar da «Transqeyt» şirkətinin istismarına verilmişdi. Yəni sürücülərdən güdəlik planı bu şirkət yığır, müəyyən qədərini dövlətə ödəyirdi. Ümumiyyətlə, paytaxtdakı yaşıl rəngli avtobusların hamısının haqqı «Transqeyt» şirkətinə çatırdı.
Şəhərlərarası xətlərdə hərəkət edən iritutumlu avtobusların isə Anar Məmmədovun «M-Trans» şirkətinə məxsus olduğuna dair məlumatlar var.



Ziya Məmmədovun yaxınları və oğlunun dostları da paytaxtda çoxsaylı marşrut xətlərinə sahibdirlər. Məsələn, Ziya Məmmədovun qardaşı oğlu Rövşən Məmmədovun paytaxtda xeyli sayda marşrut xəttləri olduğu bildirilirdi. Marşrutların nömrələri dəyidirilməzdən əvvəl 30, 124, 1, 212 saylı marşrutların Rövşən Məmmədova məxsus olduğu haqda məlumatlar vardı.
Ziya Məmmədovun yaxın qohumlarına, bacısı oğlanlarına, baldızı uşaqlarına və hətta uzaq qohumlarına da marşrutlar verilmişdi.

Ümumiyyətlə, “Bakı Sərnişin Nəqliyyatı” MMC-nin rəhbərliyi vasitəsilə sahibkarlar sıxışdırılaraq, bütün gəlirli marşrut xətləri Ziya Məmmədovun yaxınlarının, xüsusən də oğlunun şirkətinin – «Transqeyt»in nəzarətinə keçmişdi. Ona görə də «Transqeyt»in illik qazancı milyonlarla, bəlkə də 10 milyonlarla ölçülürdü. Bu şirkətin əvvələr oliqarx Hafiz Məmmədova aid olduğu , sonradan isə Məmmədovların nəzarətinə keçdiyi bildirilir.

Bu baxımdan “Transgate” MMC-yə məxsus bütün avtobus marşrutlarının şirkətdən alınması Ziya Məmmədovun ailə biznesinə böyük zərbə hesab edilə bilərr. Təbii ki, bu qərar Ziya Məmmədovun iradəsindən kənar verilib. Rəhbərlik etdiyi sahədə Ziya Məmmədovun maraqlarına tamamilə zidd olan, hətta onun mənafeyinə toxunan qərarların verilməsi isə birmənalı olaraq nəqliyyat nazirinin “kreslosunun laxladığını”, onun avtoritetini itirdiyini göstərir.



Daha önəmlisi isə odur ki, bu fakt Ziya Məmmədovun təhvil-təslimə başladığından xəbər verir. Belə görünür ki, artıq Ziya Məmmədovun getməsi dəqiqləşib.
Sonda xatırladaq ki, Nəqliyyat Nazirliyinin bəzi səlahiyyətlərini ASAN xidmətə verən Prezident İlham Əliyev, iki gün əvvəl iqtisadi məsələlərə və büdcə layihəsinə həsr olunmuş müşavirədə nəqliyyat sahəsində ciddi problemlərin olduğunu qeyd edib. Təcrübə göstərir ki, Prezidentin tənqid etdiyi sahənin rəhbəri qısa müddətdən sonra postunu itirir.

Mənbə: AzPolitika.info
Diaspora