Larisa adını niyə dəyişmək istəyirdi, anasının yuxusuna girib nə dedi? - 13 yaşlı şəhidimiz

Larisa adını niyə dəyişmək istəyirdi, anasının yuxusuna girib nə dedi? - 13 yaşlı şəhidimiz backend

Bu gün 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən qanlı hadisələr zamanı şəhid olmuş həmyerlilərimizdən biri də Larisa Məmmədovadır.

Kulis.az 13 yaşlı məktəbli haqqında diqqətçəkən faktları təqdim edir.

Larisa Fərman qızı Məmmədova 11 avqust 1977-ci ildə Bakı şəhərində anadan olub.

Larisanın atası Fərman Ukraynada hərbi xidmətdə olanda Qalina adlı qadınla tanış olub. Hərbi xidməti başa vurandan sonra onunla ailə qurub Bakıya gəlib. Bu evlilikdən onların iki qızı, bir oğlu olub.

Larisa isə Ukraynada anadan olub, elə adını da orada ona qoyublar. Ancaq o böyüdükcə adından narazılıq edib. Larisa rus adı olduğu üçün məktəbdə uşaqlar ona pis baxıblar. O, anasına deyib ki, "ana nahaq mənə bu adı qoymusunuz. Məktəbi bitirəndən sonra pasport alanda adımı dəyişib Leyla edəcəyəm".

Larisa orta məktəbi yaxşı qiymətlərlə oxuyub. Orta məktəblə yanaşı o, piano dərsləri də alıb. Ən böyük arzusu da böyüyəndə piano müəllimi işləmək olub. O, həmçinin toxuculuğu və rəssamlığı da öyrənib. Hətta balaca qardaş və bacısına geyim də toxuyub.

1990-cı il yanvarın 19-da axşam vaxtlarında Larisanın atası şəhərdəki hay-küyü eşidib. Həyat yoldaşına deyib ki, "avtobusu narahat yerdə saxlamışam, gedim onu götürüb gəlim".

Atası evdən çıxarkən Larisa atasından əl çəkməyib, onunla getmək istədiyini bildirib. Anası nə qədər etiraz etsə də, o, razılaşmayıb təzə paltarlarını geyinərək onunla gedib.

Həmin gecə həyat yoldaşından və qızından heç bir soraq ala bilməyən Qalina xanım narahat olub. Ertəsi gün isə xəbər gəlir ki, şəhərdə baş verən hadisələr zamanı Fərman ayağından yaralanıb. Larisa isə ürəyindən vurularaq 19 yanvar 1990-cı ildə 13 yaşında həyatını itirib.

Bakı şəhərində küçələrdən birinə Larisa Məmmədovanın adı verilib. Bəxtiyar Vahabzadə Larisa ilə bağlı “On üç yaşlı körpə bala” şeirini yazıb.

Larisanın qırxı çıxanda onun qəbrinin üstünü götürüb mərmər ediblər. O, həmin gecə anasının yuxusuna girib, ona əl yelləyib və qəbrini göstərib deyib ki, "ana, bura, daşlar, mərmər məni sıxır. Burada mənim üçün çox çətindir, ağırdır".

loading...
Diaspora