Litva ilə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq müzakirə olunub

Litva ilə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq müzakirə olunub backend

Yeni “Pensiya sistemində islahatlara dəstək – Faza 2” tvininq layihəsi də Litva ilə sosial sahədə əməkdaşlığın genişlənməsinə imkan yaradır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində  Litva Respublikasının sosial müdafiə və əmək nazirinin müavini Martinas Şürkusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Azərbaycan və Litva arasında əlaqələrin daim genişlənməkdə olduğunu, ötən dövrdə iki ölkə arasında 43 əməkdaşlıq sənədinin imzlandığını qeyd edib.

Azərbaycan və Litva əlaqələrinin sosial sahəni də əhatə etdiyi, 2019-cu ildə Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Litvanın Sosial Müdafiə və Əmək Nazirliyi arasında əməkdaşlıq sənədi imzalandığı diqqətə çatdırılıb. 

Həmçinin iki nazirliyin məşğulluq orqanları arasında həyata keçirilən əməkdaşlıqdan bəhs olunub. Yeni “Pensiya sistemində islahatlara dəstək – Faza 2” tvinninq layihəsinin də Litva ilə sosial sahədə əməkdaşlığın genişlənməsinə şərait yaratdığı bildirilib.

Azərbaycanda son illər həyata keçirilən sosial islahatlar, DOST konsepsiyası, ölkəmizdə dövlət sosial xidmətlərinin “bir pəncərə”dən göstərilməsi təcrübəsi barədə məlumat verilib. 

M.Şürkus ölkəsinin Azərbaycanla əlaqələrinin daim inkişaf etməkdə olmasından məmnun olduqlarını bildirib, Litvada aparılan sosial islahatları diqqətə çatdırıb.

Görüşdə əmək və məşğulluq, sosial xidmətlərin göstərilməsi sahələrində ikitərəfli əlaqələrin genişləndirilməsi üçün böyük potensial olduğu vurğulanıb. Sosial islahatlar prosesində, eləcə də yeni  tvinninq layihəsi çərçivəsində gələcək əməkdaşlığa dair müzakirələr aparılıb.

loading...
Diaspora