Keçmiş prokuror onu şantaj edən mütəşəkkil dəstəni bağışladı - Məhkəmə

Keçmiş prokuror onu şantaj edən mütəşəkkil dəstəni bağışladı - Məhkəmə backend

Bakı Ağır Cinayətlər Məhkəməsində Qaradağ və Hacıqabul rayonlarının keçmiş prokuroru Tariyel Qurbanovu şantaj etməkdə təqsirləndirilən dəstə üzvləri - Ümman Əliyev, Natiq Nuriyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Coşqun Heybətov bildirib ki, taksi fəaliyyəti ilə məşğul olarkən İlqar Əliyevlə tanış olub: "Quba rayonunda kəndlərarası sərnişin daşıyanda İlqar Əliyevi tanımışam. Onu bir neçə dəfə kəndlərinə aparıb-gətirmişəm. Başqa heç nədən xəbərim olmayıb. Onların kimdən pul almaları, kimə hədə-qorxu gəlmələri barədə heç bir məlumatım olmayıb. Tariyel Qurbanovu isə tanımıram".

Prosesdə ifadə verən digər şahid Elşad Dostuyev isə deyib ki, Bakı şəhərində avtomobillərin alqı-satqısı ilə məşğul olarkən Ümman Əliyevlə tanış olub və ondan avtomobil alıb.

Zərərçəkmiş Tariyel Qurbanovun nümayəndəsi, vəkil Adəm Məmmədov bildirib ki, müdafiə etdiyi şəxsin təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti yoxdur. Tariyel Qurbanovun səhhəti ilə bağlı məhkəməyə gələ bilmədiyini deyən vəkil onun istintaqa verdiyi ifadəsinin elan olunmasını istəyib.

Daha sonra hakimlər Tariyel Qurbanovun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan ediblər. O, istintaqa ifadəsində göstərib ki, dostları ilə birlikdə 7-8 il əvvəl mütəmadi olaraq istirahət üçün Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yerləşən “Hamam Palace” adlı obyektə gedib.

Onun sözlərinə görə, orada xidmət edən şəxslərdən biri də hamamın işçisi Ümman Əliyev olub. Hər dəfə hamama gedəndə Ümman Əliyev və xidmət göstərən digər şəxslərə təxminən 10-20 manat məbləğində hörmət edib.

Zərərçəkmiş daha sonra ifadəsində Ümman Əliyev və digər təqsirləndirilən şəxslərin dələduzluq və hədə-qorxusu ilə üzləşdiyini qeyd edib. Bildirib ki, təqsirləndirilən şəxslər ona SMS yazaraq hamam paltarında olan fotolarını yaymaqla hədələyiblər, ondan pul tələb ediblər.

Tariyel Qurbanov həmçinin ifadəsində Ümman Əliyevin ona xəstə olduğunu, müalicəyə ehtiyacı olduğunu bildirib, bu yolla ondan ayrı-ayrı vaxtlarda ümumilikdə 9950 manat alıb.
Tariyel Qurbanov daha sonra ifadəsində Ümman Əliyev və digərlərinin hədə-qorxu yolu ilə ondan pul almaları barədə geniş danışıb. O, hamam fotolarının yayılmaması üçün onların tələb etdiyi ayrı-ayrı vaxtlarda ümumilikdə 31 min manat verib.

 

Ətraflı

 

Zərərçəkmiş qeyd edib ki, 2022-ci ilin fevralın 10-da Ümman onunla əlaqə saxlayıb, Bakı şəhərində olduğunu, qrupun bütün üzvləri barəsində bildirməklə 20000 manat tələb edib:

“Ümman həmçinin bildirdi ki, razılaşmadığım təqdirdə şəkillərimi yayacaq, habelə müxtəlif məzmunlu ərizələr göndərməklə, həmin ərizələri və bu günədək pul almasına dair məlumatları müxtəlif instansiyalara göndərib, məni həm qohumlarım, həm də ailə üzvlərim arasında rüsvay edəcək. Artıq Ümman Əliyevin törətdiyi cinayətlərdən bezdim, şikayət etmək qərarına gəldim. Ərizə ilə Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etdim. Məni aldatmış, hədə-qorxu gəlmiş şəxslər barəsində qanuni tədbir görülməsini, onların cinayət məsuliyyətinə cəlb olunmasına köməklik göstərilməsini xahiş etdim”.

Tariyel Qurbanovun ifadəsinə görə, fevralın 25-də evdə olduğu zaman tanımadğı bir qadın onun vatsapına mesaj göndərib: “Həmin qadın özünü Ümman Əliyevin tanışı kimi təqdim etdi. Həmin qadın Ümman Əliyevin mobil telefon aparatının və həmin telefonun yaddaşında məni rüsvay edəcək məlumatların, yeni hamamda çəkilmiş çılpaq çəkillərin onda olduğunu bildirdi. Qadın məndən 4000 manat tələb etdi. Bildirdi ki, 4000 manatı verməkdən imtina etdiyim təqdirdə, içərisində şəkillər olan həmin mobil telefonu kənar şəxslərə verəcək, bununla yanaşı, həmin şəkilləri müxtəlif sosial şəbəkələr vasitəsi ilə yayıb, həm məni, həm də ailə üzvlərimi dost-tanışlarım arasında rüsvay edəcək. Onun yazdığı səsli mesajların ancaq bir hissəsini yadaşda saxlaya bilmişəm. Həmin səsli mesajları oxuduqdan sonra silirdim. Mesajları sildiyimi gördükdə, həmin qadın bunun səbəbini soruşdu. Mesajların mobil tətbiqin əyarları ilə bağlı silindiyini bildirdim”.

İstintaq orqanı tərəfindən Natiq Nuriyev, Ümman Əliyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.

İttihama görə, dəstə üzvləri Tariyel Qurbanovun hamamda çəkilmiş fotolarını ona göndəriblər və pul verməsini tələb ediblər. Əks halda həmin fotoları sosial şəbəkələrdə yaymaqla hədələyiblər.

Qeyd edək ki, Tariyel Qurbanov Qaradağ və Hacıqabul rayonlarında prokuror olub. Daha sonra o, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.

Ötən ilin mart ayında vəzifəsindən azad olunan Tariyel Qurbanov sonradan Abşeron rayon prokurorunun böyük köməkçisi təyin olunub.

loading...
Diaspora