Bəxtiyar Hacıyev barəsində yeni ittiham qaldırıldı

Bəxtiyar Hacıyev barəsində yeni ittiham qaldırıldı backend

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə qarşı yeni ittihamlar irəli sürülüb.

Bu barədə onun vəkili Aqil Layıc məlumat yayıb. Müdafiəçi bildirib ki, B.Hacıyevə Cinayət Məcəlləsinin 221.2.2-ci və 289.1-ci maddələri ilə yeni ittiham elan olunub.

Qeyd edək ki, buna qədər ictimai fəal CM-in 221.1-ci maddəsi (Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) ilə təqsirli bilinirdi. Yeni maddəyə əsasən, o, CM-in 221.2.2.-ci maddəsi (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) ilə təqsirli bilinib.

B.Hacıyev barəsində daha bir ittiham isə CM-in 289.1-ci maddəsidir (məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə).

Sözügedən maddələr üzrə ən ağır cəzalar müvafiq olaraq 3 il və 6 ay müddətə azadlıqdan məhrum etmədir.

Qeyd edək ki, B.Hacıyev ötən il dekabrın 9-da həbs edilib. Onun jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə tutulduğu bildirilir.

loading...
Diaspora