Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin yeni Fərman və Sərəncamlarına əsasən əməkhaqları, müavinət və təqaüdlərin artırılıb.
O cümlədən, Prezident İlham Əliyev müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmanla müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən aşağıdakı kimi müəyyən edilir:
1 orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 500 manat;
2. orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 400 manat;
3. orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 330 manat.
Qarabağ Qaziləri İctimai Birliyinin sədri Asəf Əliyev Qaziler.az saytına verdiyi açıqlamada buna görə prezidentə təşəkkürünü bildirdiyini deyib. İctimai birliyin sədri bu sərəncamın gözlənilən olduğunu vurğulayıb: “Əslində bu sərəncam bizim üçün gözlənilən idi. Çünki cənab prezident vaxtaşırı müharibə əlillərinin, şəhid ailələrinin, veteranlarların sosial müdafiəsinin gücləndirilməsi üçün müvafiq addımlar atır, sərəncamlar imzalayır. Biz qazilər dövlətin bu siyasətini dəstəkləyirik. Bütün bunlara görə cənab prezidentə, Ali Baş Komandana öz dərin minnətdarlığımızı bildiririk" deyə Asəf Əliyev bildirib.
QAZİLER.AZ