Yaponiyanın mərkəzi rayonunda son bir neçə gün davam edən və çayların daşmasına səbəb olan leysan yağışlar ölkənin şimal-şərq hissəsinə keçib. Bunun nəticəsində Miyaqi prefekturasında 62 min sakinin təxliyəsi ilə bağlı xəbərdarlıq yayılıb.
Hazırda Yaponiyanın mərkəzi hissəsində günəşli hava mövcuddur və hökumət orqanları şəhərlərin əksəriyyətində təxliyə xəbərdarlığını ləğv edib.
Bununla bərabər, İbaraki prefekturasının Zyoşo şəhərində Kinuqava çayının daşması nəticəsində bu yaşayış məntəqəsi tamamilə suyun altında qalıb, 12 nəfərin itkin düşdüyü bildirilir. Ötən gecə burada 200 nəfər xilas edilib, 500 nəfər isə hələ də yardım gözləyir. Həmin ərazidə daşqın Kinuqava çayının sahillərindən birində möhkəmləndirici funksiyasını yerinə yetirən bənd suyun təzyiqinə dözməyərək dağıldıqdan sonra baş verib. Sel suları sahili dağıdaraq 32 kvadratkilometr ərazini suyun altında qoyub.