Bakıda “Birinci Türkiyə-Azərbaycan Onkologiya Günləri” keçirilir

Bakıda “Birinci Türkiyə-Azərbaycan Onkologiya Günləri” keçirilir backend

Sentyabrın 11-da Bakıdakı “Avropa” hotelində “Birinci Türkiyə-Azərbaycan Onkologiya Günləri” konqresinin rəsmi açılışı olub.

AZƏRTAC xəbər verir ki, Türkiyə Tibbi Onkologiya Dərnəyinin və Azərbaycan Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin (MOM) təşəbbüsü ilə keçirilən konqresdə onkoloji xəstəliklərin diaqnostikası və müalicəsinin ən aktual problemləri, habelə müasir onkologiyanın qarşısında duran vəzifələr müzakirə edilir.

Açılış mərasimində Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənib. Sonra Milli Onkologiya Mərkəzinin baş direktorunun birinci müavini Əziz Əliyev çıxış edərək konqresinin işinə uğurlar arzulayıb. Əziz Əliyev Milli Onkologiya Mərkəzi barədə tədbir iştirakçılarına məlumat verib.

Türkiyə Tibbi Onkologiya Dərnəyinin rəhbəri Gökhan Demir konqresin əhəmiyyətindən danışaraq deyib ki, əsas məqsəd Azərbaycan və Türkiyə onkoloqları arasında əlaqələrin qurulması və təcrübə mübadiləsinin aparılması, eləcə də onkologiya sahəsində ən son nailiyyətlərin müzakirəsini reallaşdırmaq üçün imkan yaratmaqdır.

Konqresin həmsədrləri Necati Alkış (Türkiyə) və Azad Kərimli (Azərbaycan) də çıxışlarında hər iki ölkənin mütəxəssislərinin onkoloji xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikası sahəsində öz tədqiqat və təcrübələrinin sirlərini bölüşəcəklərinə əminliklərini vurğulayıblar. Bildirilib ki, iki gün davam edəcək konqresdə onkoloji patologiyaların diaqnostikası və müalicəsinin təfərrüatları, elm, tibb və səhiyyənin müxtəlif aktual problemləri, onkologiya qarşısında duran vəzifələr və onların potensial həlli yolları da daxil olmaqla, bir çox mövzular da sessiyalarda müzakirə ediləcək.

Sonra konqres sessiyalarda işini davam etdirib.
Diaspora