"Qar yağıb, şikayətlər aşıb-daşır. Əksərən də haqlı şikayətlərdir. Amma, əziz insanlar, hər şeyi də dövlətdən gözləməyək də. Düzdür, geniş yolları, küçə və prospektləri dövlət qurumları təmizləməlidir. Ancaq, örnək üçün, filankəsin dükanının lap ağzındakı 2-3 addımlıq yeri də icra hakimiyyəti, bələdiyyə təmizləməlidir?"
Qaziler.az xəbər verir ki, bu fikirləri Əməkdar jurnalist Azər Həsrət feysbuk səhifəsində qeyd edib. O, yazısında xırda məsələlərə görə dövlətin ayaqlanmasını gözləyənlərə səslənib:
"Bu gün iki dəfə piyada yol getmişəm. Üst-üstə hardasa 5 km. İmkan olub ki, müşahidə aparım. Yol boyu xırda dükanlar, hansısa obyektlər var. Qapısının ağzına kimi qar. Hətta apteklərin belə düz qapısına qədər qar vardı. Düzdür, ara-sıra qarşısı təmizlənmiş obyektlər də gördüm. Bəs, dediyim kimi, belə obyektlərin çoxunun sahiblərinin ağlına gəlməyib ki, 5-10 kv m-lik yeri qardan təmizləsinlər? Yeri gəlmişkən onu da deyim ki, eyni halı axşama doğru da müşahidə etmişəm. Səhər hardasa başa düşmək olardı ki, erkəndir, işə gəlib təmizləyəcəklər. Amma axşama doğru açıq obyektlərin qarşısının təmizlənməməsi həm də insanlarımızın bivecliyindən xəbər verir.
...İllər öncə bir qış günü yaxşı qar yağmışdı. Əlimə kürək alıb blokun qabağını təmizləməyə başladım. Məhlədə çox hörmət etdiyim bir taksi sürücüsü vardı. Yanımdan keçəndə qayıtdı ki, “Azər müəllim, sizə yaraşmaz e belə işləmək, tanınmış adamsınız”. Cavab verdim ki, “qonşu, bura mənim qapımın ağzıdır, kim gəlib təmizləməlidir ki? Lap elə tutaq ki, tanınmış adamam, indi buranı belə buraxmalıyam?” Sözümün canı odur ki, kim olursunuz olun, belə məsələlərdə hər kəs əlini daşın altına qoysa Bakı çox rahat bir şəhərə çevrilər..."
QAZİLER.AZ