2022-nin əlimizdən aldığı məşhurlar - FOTO - VİDEO

2022-nin əlimizdən aldığı məşhurlar -  FOTO - VİDEO backend

Geridə qoyduğumuz Pələng ili kimisinə düşərli oldu, kimisinə də heç uğur gətirmədi. Bu il xeyli sənət adamını, tanınmış şəxsləri, həkimləri, məmurları itirdik. Dünyasını dəyişənlərin çoxunun xəbərini qəfil alıb, təəccübləndik.

Oxu.Az bu il vəfat edən tanınmışların siyahısını təqdim edir:

 

Xalq artisti Əlibaba Məmmədov 92 yaşında vəfat edib.

O, 1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1978-1988-ci illərdə “Azkonsert birliyi”nin solisti olub. Əlibaba Məmmədov “Azərbaycan SSR Əməkdar artisti” (18 may 1963), “Azərbaycan SSR Xalq artisti” (17 may 1989) fəxri adlarına, “Şöhrət” ordeni (4 fevral 2000), “Qızıl çinar” beynəlxalq mükafatı (10 may 2009), “İstiqlal” ordeni (3 fevral 2010), “Şərəf” ordeni (4 fevral 2020) mükafatlarına layiq görülüb. 

Azərbaycanlı kinorejissor Ramiz Əliyev (Ramiz Hindarxlı) 84 yaşında uzun sürən xəstəlikdən sonra Niderlandın Dodrext şəhər xəstəxanasında vəfat edib.

O, rejissor kimi “Bəyin oğurlanması”, “Dəli Kür”, “Həm ziyarət, həm ticarət...”, “İnsan məskən salır”, “İstintaq”, “Qayınana”, “Qızmar Günəş altında”, “Möcüzələr adası”, “O olmasın, bu olsun”, “Otel otağı”, “Ölsəm, bağışla”, “Şir evdən getdi”, “Yenilməz batalyon” və digər 40-a qədər film üzərində çalışıb.

Prezident Administrasiyasının Ərazi-Təşkilat Məsələləri şöbəsinin məsul əməkdaşı Arif Novruzov vəfat edib. Arif Novruzov bir neçə rayonun icra hakimiyyətlərinin (Ağdaş, Göygöl, Goranboy, Tərtər və s.) kuratoru vəzifəsində çalışıb. Ölümündən bir müddət əvvəl bu vəzifəsindən azad edilib.

Azərbaycan Prezidentinin uzun illər mətbuat katibi vəzifəsini icra etmiş, Əməkdar jurnalist Səlahəddin Quliyev vəfat edib.

Qeyd edək ki, Səlahəddin Quliyev 1994-2004-cü illərdə Azərbaycan Prezidentinin mətbuat katibi və mətbuat katibinin müavini vəzifələrində işləyib.

Əməkdar rəssam Əliyev Fəxrəddin Vəli oğlu 84 yaşında vəfat edib.

Əməkdar rəssam mindən çox miniatür rəsm, portret, illüstrasiya müəllifidir. F.Əliyevin əsərləri AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, eləcə də ölkəmizdəki və xaricdəki muzeylərdə saxlanılır.

Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov 58 yaşında Türkiyədə vəfat edib. O, 28 mart 1964-cü ildə Şamaxı rayonunda anadan olub. 1985-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit fakültəsini bitirib. 

1993-cü ildə “Ünsal” Kommersiya Bankı İdarə Heyətinin sədri seçilib. 1994-cü ildə Aqrar Sənaye Bankının Şəmkir şöbəsinin müdiri vəzifəsində çalışıb. 1995-1999-cu illərdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsi rəisinin müavini və rəisi, həmin sahə üzrə Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışıb. 1999-cu il iyun ayının 20-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin rəisi təyin edilib. 2000-ci il fevral ayının 11-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının vergilər naziri təyin edilib. 5 dekabr 2017-ci ildə vəzifəsindən azad edilib. 2007-2018-ci illərdə Azərbaycan Güləş Federasiyasının prezidenti olub.

Saatlının sabiq icra başçısı Cahangirov Atabəy Şahmur oğlu 71 yaşında vəfat edib.

Atabəy Cahangirov 1975-81-ci illərdə rayon komsomol komitəsində işləyib, sonradan Saatlı rayon partiya komitəsinin katibi (1981-1987), 1987-1992-ci illərdə 1-ci katibi, rayon sovetinin sədri, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində işləyib. Qeyd edək ki, o, YAP-ın İdarə Heyətinin üzvü, kardioloq, professor Tofiq Cahangirovun qardaşıdır.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Əməkdar incəsənət xadimi Əfqan Əsgərov 91 yaşında vəfat edib.

“Bəy İnal”, “Qartal əfsanəsi”, “Gülyanaq”, “Katib”, “Həsrət də bir vüsaldır”, “Şahlar Şahı”, “Cənnətməkan” kimi əsərləri olan yazıçı daha çox “Bəy İnal” romanı ilə tanınırdı.

Xalq artisti, rejissor Zülfüqar Abbasov 81 yaşında dünyasını dəyişib.

1968-ci ildən (fasilələrlə) M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrının rejissoru olub (1992-ci ildən həmçinin direktoru, 1999-cu ildən baş rejissor). “Hacı Qara” (M.F. Axundzadə), “Eşq və intiqam” (S.S. Axundov), “Müfəttiş”, “Evlənmə” (N.Qoqol), “Əliqulu evlənir” (S.Rəhman), “Cavanşir”, “Şeyx Şamil” (M.Hüseyn), “Mahnı dağlarda qaldı”, “Sevgililərin cəhənnəmdə vüsalı” (İ.Əfəndiyev), “Şeytan nəsli” (H.Muxtarov), “Dar ağacı” (B.Vahabzadə), “Ölülər" (C.Məmmədquluzadə), “Almaz”, “Solğun çiçəklər” (C.Cabbarlı), “Vaqif” (S.Vurğun), “Ayrılmaq anı” (M.Baycıyev) və s. əsərləri tamaşaya qoyub, aktyor kimi də çıxış edib. Müxtəlif ədəbi mənbələr əsasında, həmçinin orijinal süjetli pyeslər yazıb.

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Aydın Məmmədov 90 yaşında vəfat edib.

1957-ci ildə Sumqayıt şəhər Komsomol Komitəsinin birinci katibi, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsinin birinci katibi vəzifələrində işləyib. 1964-cü ildən Azərbaycan SSRİ maarif nazirinin müavini, Bakı şəhəri Oktyabr (Nəsimi-Yasamal) rayon Partiya Komitəsinin birinci katibi, 1971-1981-ci illər Bakı Şəhər İcra Hakimiyyətinin sədri, 1981-ci ildən Mingəçevir Şəhər Komitəsinin birinci katibi vəzifələrində çalışıb. “Oktyabr inqilabı” və “Qırmızı Əmək Bayrağı” ordenləri ilə təltif edilib. Aydın Məmmədovun Bakı şəhərinə rəhbərlik etdiyi dövrdə Heydər Əliyev Sarayı, gözəlliyi ilə xalq sevgisini qazanmış Filarmoniya və Şəlalə parkları tikilərək istifadəyə verilib.

Kəlbəcər rayonunun keçmiş icra başçısı Vidadi Məhərrəm oğlu Məhərrəmov vəfat edib. O, 4 mart 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Kəlbəcər rayonu icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Xalq artisti Fikrət Verdiyev vəfat edib. “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının yaradıcısı olub. Qeyd edək ki, dahi sənətkar Xan Şuşinskinin qızı Bəyimxanım Cavanşirova ilə evli idi.

Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova ömrünün 82-ci ilində Honkonqda vəfat edib. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb. Onun “Yollar görüşəndə”, “Ömrün yolları”, “Qonşu qonşu olsa...” musiqili teletamaşaları tamaşaçıların böyük rəğbətini qazanıb və hər nəslin sevilən ekran əsərinə çevrilib.

R.Qasımova 16 sentyabr 2005-ci ildə “Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adına, 30 dekabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, 17 sentyabr 2019-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomuna layiq görülüb.

Estrada musiqilərinin misilsiz ifaçısı, müğənni Firəngiz Rəhimbəyova 62 yaşında ABŞ-də dünyasını dəyişib. Firəngiz Rəhimbəyova 1960-cı ildə Ağdam rayonunun Şişpapaqlı kəndində anadan olub. Qeyd edək ki, bir sıra filmlərdə aktrisa kimi özünü sınayan Rəhimbəyovaya ən böyük uğuru “Bəxt üzüyü” filmindəki “Seda” rolu gətirib.  

Tanınmış müğənni, bəstəkar Rəhim Rəhimli 43 yaşında ürəktutmasından vəfat edib. R.Rəhimli bir sıra klipləri, mahnıları ilə tanınıb. 2018-ci ilin iyunundan 2020-ci ilin yanvar ayına kimi “MTV Azərbaycan” telekanalının direktoru işləyib.

Azərbaycanlı dirijor Fazil Əliyev 77 yaşında ABŞ-nin Nyu-Cersi ştatında vəfat edib. Əməkdar incəsənət xadiminin ölümünə uzun sürən xəstəlik səbəb olub.

Azərbaycanın fövqəladə hallar nazirinin müavini, daxili xidmət general-leytenantı Nazim Məmmədov 71 yaşında dünyasını dəyişib.

1995-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində çalışıb. 1999-cu ildə isə “Təfəkkür” Universitetinin hüquq fakultəsini bitirib. 2007-ci ilin dekabrından Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-leytenantı olub. 2018-ci ildə Fövqəladə Hallar Nazirliyində nazir müavini işləməyə başlayıb.

AMEA-nın keçmiş prezidenti, akademik Eldar Yunis oğlu Salayev 89 yaşında vəfat edib. 1970-1973-cü illərdə Azərbaycan Elmlər Akademiyasının (EA) Fizika İnstitutunda elmi işlər üzrə direktor müavini, 1972-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı adını, 1975-ci ildə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini alıb. 1979-cu ildən professor olub. 1980-ci ildə EA-nın müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilib. O, 1983-1997-ci illərdə Azərbaycan EA-nın prezidenti, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972) olub.

Azərbaycanın sabiq kənd təsərrüfatı naziri Müzamil Abdullayev 81 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Abdullayev Müzamil İmran oğlu 1993-cü ilin iyulundan 1994-cü ilin oktyabrınadək kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.

Azərbaycan Respublikasının Əməkdar jurnalisti Nəsir Əhmədli 80 yaşında vəfat edib. Qeyd edək ki, o, Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru idi.

Xanəndə, bəstəkar Oqtay Hacıyev 71 yaşında dünyasını dəyişib. O, Xan Şuşinskinin sonuncu tələbəsi idi. Mərhum xanəndə eyni zamanda məşhur “Neyçün bəs” mahnısının müəllifidir. Sözügedən mahnını ilk dəfə 1979-cu ildə Xalq artisti Arif Babayev efirdə səsləndirib.

Aktrisa Məqsudə Həsənağa qızı Əliyeva 57 yaşında vəfat edib. O, teatr səhnəsində bir çox tamaşalarda - “Mahmud və Məryəm”də “Qulluqçu qız”, “Vicdanın hökmü”ndə “Rus qızı”, “Pul dəlisi”ndə “Solist”, “Qaraca qız”da Nərgiz, “Onun iki qabırğası”nda “Qumaş” kimi obrazlar yaradıb. Məqsudə Əliyevanın ən yaddaqalan rolu 2016-cı ildə çəkilmiş “Günəşim ol” teleserialındakı “Zərnişan” obrazı olub.

Azərbaycanın Əməkdar incəsənət xadimi, Prezidentin fəxri təqaüdçüsü, dirijor Kazım Əliverdibəyov 88 yaşında vəfat edib. Qeyd edək ki, K.Əliverdibəyov 1934-cü ildə Bakı şəhərində anadan olub. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakültəsini bitirib. 1960-cı ildən müəyyən fasilələrlə Opera və Balet Teatrında dirijor və baş dirijor vəzifələrində çalışıb.

Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi, professor Oqtay Rəcəbov 81 yaşında vəfat edib. 1941-ci il aprelin 5-də Bakıda anadan olan bəstəkar dörd opera, üç musiqili komediya, üç simfoniya, iki oratoriya, bir kantata və 500 mahnının müəllifidir. O.Rəcəbov 20-dək filmə musiqi bəstələyib. Onun pedaqogika və musiqi ilə bağlı 10 monoqrafiyası, 70 dərsliyi, dərs vəsaiti və proqramı, 100-dən artıq məqaləsi var. Bəstəkar Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Azərbaycan xalq musiqisi” kafedrasının professoru idi. Bəstəkarın uşaq mahnıları altı məcmuədə çap olunub.

loading...
Diaspora