"Mən deyirəm ki, biz Ukraynadan dərs çıxaraq və Azərbaycanda rus təsirini ayaqda tutan hər şeyi çərçivəyə salaq".
Qaziler.az bildirir ki, bunu əməkdar jurnalist Azər Həsrət deyib.
"Rusiyanın Ukraynaya əsassız və səbəbsiz təcavüzü artıq 300 gündən çoxdur ki, davam edir. Ötən dövr ərzində 10 minlərlə dinc Ukraynalı öldürülüb, yüzlərlə şəhər və kənd yer üzündən silinib. Ukrayna xalqı isə bütün bunlara baxmayaraq ləyaqətlə dirənir, Moskvaya yerini göstərir. Eyni zamanda Ukrayna özünün ideoloji seçimlərinə də düzəlişlər edir. Rusiya və ruslara bağlı nə varsa, silinir, yox edilir ki, təcavüzkar Moskva ilə birdəfəlik yolları ayrılsın. O cümlədən də Rusiyanın imperiya siyasətinə qulluq edən nəsnələr aradan qaldırılır.
Ukraynalılar düz edir, yaxşı edir! Əslində, çoxdan belə etməliydilər. Amma etməyiblər, Rusiyanın ayağı yer tutub, ona görə də bu gözəl ölkəni viran edir! Mən də deyirəm ki, biz Ukraynadan dərs çıxaraq və Azərbaycanda rus təsirini ayaqda tutan hər şeyi çərçivəyə salaq. İlk iş bəzən heç bir nəfər də olsun urus balasının oxumadığı rus məktəblərinin qapadılması olmalıdır. Nə gərək var axı rusların oxumadığı rus məktəblərini dövlət hesabına ayaqda tutmağa? Və ümumiyyətlə, niyə biz dövlətimizin – xalqımızın pulu hesabına yabançı ölkənin ideoloji dayaqlarına xidmət edən məktəbləri saxlamalıyıq? Yaxud da gərək Rusiya Azərbaycana da Ukraynaya etdiyi kimi hücum edə, biz də ondan sonra tədbir görək? Məncə, gecikmədən, elə indidən urus təsirini azaltmaq üçün hərəkətə keçmək lazımdır..." - deyə Azər Həsrət bildirib.
QAZİLER.AZ