Sirkin yeni binasının tikilməsi üçün işlərə start verilib.
Bakı Dövlət Sirkinin yeni binasının tikilməsi üçün layihə hazırlanır.
Mədəniyyət və Turizm naziriliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Şıxəmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, Bakı sirki üçün yeni torpaq sahəsinin ayrılması üçün müzakirə aparılır.
"Bina tamamilə yeni görünüşdə, yeni layihə ilə tamaşaçıların istifadəsinə veriləcək. Lakin torpaq sahəsinin dəqiq hansı ərazidə olması hazırda dəqiqləşdirilir. Onun tamaşaçılar üçün əlverişli yerdə olması üzrə danışıqlar gedir."
Bakı sirkinin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov da sirkin problemlərinin olduğunu bildirdi. Onun sözlərinə görə Bakı Dövlət Sirkinin gələcək taleyi üçün heç bir narahatlığa əsas yoxdur. Bununla bağlı zəruri olan bütün tədbirlər görülür.
"Sadəcə, sirkin özünəməxsus xüsusiyyəti var. Ən azı üç manejin olmasını təmin etmək lazımdır. Bu sadə məsələ deyil. Əminəm ki, baxılan variantlardan ən yaxşısı həyata keçiriləcək. Ümid edirik ki, həm uşaqlar, həm də sirksevərlər üçün tezlikə daha möhtəşəm bina istifadəyə veriləcək."
“Amma biz yenə də hər mövsüm olduğu kimi, bu mövsüm də yeni poqramla sirkə gələnləri sevindirmək niyyətindəyik. Sirk yeni proqramı qəbul etməyə hazırlaşır. Hazırda bununla bağlı danışıqlar gedir. Tamaşaçıları oktyabrın axırı, noyabrın əvvəllərində görmədikləri qeyri-adi şou ilə təəccübləndirəcəyik. Hər proqram bir ay davam edir", - deyə Mahir müəllim əlavə etdi.
Bir müddət əvvəl isə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev jurnalistlərə açıqlamasında sirkin köçürülməsi məsləsinin gündəmdə olduğunu bildirib.
“İndiki sirk binası fiziki qocalıb. Həm də sirkin yaşayış binaları arasında yerləşməsi arzuolunmazdır. Bakı sürətlə inkişaf edir və bütün tikililər şəhərin görünüşünə uyğun olmalıdır. Buna görə sirkin köçürülmə məsələsi də bizim tərəfimizdən müzakirə olunur”.