Xalqın Prezident İlham Əliyevə olan sevgisi böyük və əbədidir - Cəlil Xəlilov

Xalqın Prezident İlham Əliyevə olan sevgisi böyük və əbədidir - Cəlil Xəlilov backend

Prezident İlham Əliyev xalqın ümid və etimadını hər zaman doğruldub.

Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevə olan ümumxalq sevgisinin səbəbi, onun hər zaman xalqın ümid və etimadını doğrultması ilə bağlıdır: “Dövlətimizin başçısı xalqın ümid və etimadını hər zaman doğruldub. Xalqın öz Liderinə olan sevgi və ehtiramının əsas səbəbi məhz bununla bağlıdır. Hər addımda xalqı düşünmək, onun qeydinə qalmaq İlham Əliyev siyasətinin əsas prioritetidir. Azərbaycan xalqının sosial rifahının ildən-ilə daha da yaxşılaşması, iqtisadiyyatımızdakı sürətli inkişaf, torpaqlarımızın erməni işğalından azad edilməsi, ordumuzun dünyanın ən güclü orduları sırasında qərarlaşması və sair məhz İlham Əliyevin adı ilə bağlıdır. Prezidentimizin ərazi bütövlüyümüzün təmin edilməsi ilə bağlı atdığı tarixi addımlar isə xüsusilə əhəmiyyətlidir”.

Cəlil Xəlilov deyib ki, Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətini yüksəldən, onun ən müasir texnika ilə təchizatını təmin edən İlham Əliyev, 44 günlük Vətən müharibəsində sözün həqiqi mənasında əsl tarix yazıb: “Əsası Heydər Əliyev tərəfindən qoyulan nizami ordunun formalaşdırılması prosesi Prezident İlham Əliyevin hakimiyyəti illərində daha da sürətlənib, həm kəmiyyət, həm də keyfiyyət etibarı ilə yeni mərhələyə qədəm qoyub.

Dövlətimizin başçısı Azərbaycan Ordusunu dünyanın ən modern orduları səviyyəsinə yüksəldib. Onun rəhbərliyi ilə xaricdən ən müasir raket sistemlərinin, silah-sursatın alınması ilə yanaşı, milli hərbi sənayemizin inkişafı istiqamətində də mühüm addımlar atılıb. Bu gün ölkəmizin Müdafiə Sənayesi Nazirliyi 1000 addan çox silah-sursat, hərbi ləvazimat istehsal edir ki, bu da ilk növbədə dövlət başçımızın uğuru, onun bu sahəyə olan qayğı və diqqətinin nəticəsidir. Ölkəmizdə yeni hərbi akademiya və məktəblərin açılması, dünyanın qabaqcıl dövlətləri ilə hərbi əməkdaşlığın genişləndirilməsi, xarici dövlətlərin hərbi akademiyalarında milli hərbi kadrların hazırlanması və s. İlham Əliyevin adı ilə bağlıdır. Məhz bütün bu addımların nəticəsidir ki, 2020-ci ildə Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Azərbaycan Respublikasının Silahlı Qüvvələri cəmi 44 gün ərzində düşməni darmadağın edərək ərazi bütövlüyümüzü təmin etdi. Azərbaycan xalqının 30 illik həsrətinə son qoyuldu. Prezident İlham Əliyev bununla özünün yüksək sərkərdəlik qabiliyyəti ilə yanaşı, xalqımızın və ordumuzun fədakarlığını, onun məğlubedilməzliyini də bütün dünyaya nümayiş etdirdi”.

Professor qeyd edib ki, İlham Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətləri böyükdür və bu xidmətlər onu xalqın yaddaşında əbədi olaraq yaşadacaq: “Prezident İlham Əliyev Azərbaycan xalqının, Azərbaycan dövlətinin həyatının bütün sahələrində inqilabi yeniliklərə imza atan, onun beynəlxalq arenadakı nüfuzunu əhəmiyyətli dərəcədə yüksəldən dahi və əvəzsiz liderdir. Azərbaycanın dövlət başçısının tarixi xidmətləri onu xalqımızın qəlbində sonsuza kimi yaşadacaq.

Mən doğum günü münasibətilə Müzəffər Ali Baş Komandanımızı bütün veteranlar adından təbrik edir, ona xalqımızın və dövlətimizin firavan gələcəyi naminə apardığı mübarizədə uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan xalqı öz Liderinin rəhbərliyi altında bundan sonra da böyük uğurlara nail olacaq, yeni müvəffəqiyyətlərə imza atacaq”.

loading...
Diaspora