Bu gün "Qarabağ qaziləri" İctimai Birliyinin ilk sədri olmuş, Baş qazi Etimad Əsədovun doğum günüdür.
Qaziler.az saytının Baş redaktoru Rey Kərimoğlu ictimai birliyin üzvləri, döyüş yoldaşları və yaxınları ilə birlikdə Baş qazinin məzarının ziyarət edildiyini bildirib.
Ziyarət zamanı Etimad Əsədovun qəbri üzərinə tər güllər qoyulub, ruhuna dualar oxunub.
Xatırladaq ki, Əsədov Ehtimad Savalan oğlu 1963 - cü ilin 20 dekabrında Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. 1970-1980-cı illərdə həmin kənd orta məktəbini bitirib.
1982-84 – cü illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.
SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb.
1991 – ci ildə erməni işğalına qarşı döyüşmək üçün Azərbaycana qayıdıb. Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, şəhid Şirin Mirzəyevin yaratdığı 836 saylı Ağdam Ərazi Özünü Müdafiə batalyonunda erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci ildə, mart ayının 10-da Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb, bir ayağını itirib.
1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən vəfat edənə qədər isə “Qarabağ qaziləri” İctimai Birliyinin sədri olub.
2003-cü ilin oktyabrında apardığı mübarizəyə görə həbs olunub. 2005-ci ilin yazında həbsdən azad edilib.
Qarabağ əlilləri, şəhid ailələrinin həyat şəraitini yaxşılaşdırmaq üçün bir çox hüquqi aktların təşəbbüskarı və müəllifi olub. Azərbaycan Prezidenti Heydər Əliyevin 26 avqust 1994-cü il tarixində imzaladığı 193 saylı fərmanı birbaşa E.Əsədovun xidməti sayəsində meydana çıxmışdı.
Ali təhsilli idi.
Özündən sonra iki övladı – Fidan adında qızı, Əli adında oğlu əmanət qalıb.
QAZİLER.AZ