Cəlilabadda quyudan çoxlu küp çıxdı -TAPINTI

Cəlilabadda quyudan çoxlu küp çıxdı -TAPINTI backend

Cəlilabad sakininin həyətyanı sahəsindən qədim dövrlərə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb. APA TV-nin Cənub bürosunun məlumatına görə, rayonun Adnalı kənd sakini Natiq Abbasov həyətində su quyusu qazdırarkən torpağın alt qatından müxtəlif növ küplər və insan sümükləri üzə çıxıb. Qazıntı dərinləşdikcə ərazidən üzə çıxan əşyaların sayı da çoxalıb.

Müxtəlif ölçülərdə olan küplərdən 4 ü məişət, 1-i isə böyük olduğu üçün təsərrüfat küplərinə bənzəyir. Bu küplərin insan məzarında yerləşdirilməsi isə qədim insanların axirət inancı ilə əlaqəli ola bilər. Bundan başqa insan sümüklərinin ətrafında xeyli sayda xırda muncuqlar və zinət əşyaları da tapılıb.

Yerli tarixçilərin qənaətinə görə, bəzək əşyalarının xüsusi rənglə boyadılması, eləcə də onların üzərində müxtəlif naxışların olması antik dövrdə bu ərazidə sənətkarlığın yüksək inkişafından xəbər verir. Eradan əvvəl 4-3-cü minilliyə aid olduğu ehtimal olunan bu maddi-mədəniyyət nümunələri araşdırılması üçün Cəlilabad Rayon Tarix və Diyarşünaslıq Muzeyinə təhvil verilib. Ərazinin geniş şəkildə tədqiq olunması üçün yaxın günlərdə buraya xüsusi arxeoloji ekspedisiyanın gəlməsi gözlənir.


Diaspora