Xanlar Vəliyev parlamentdə vuruldu: ”Tərtər işi"nin saxta istintaqına görə..."

Xanlar Vəliyev parlamentdə vuruldu:  ”Tərtər işi"nin saxta istintaqına görə..." backend

16 dekabrda Milli Məclisin növbəti iclası Sahibə Qafarovanın sədrliyi ilə keçirildi. Cari məsələlərə ayrılan vaxtda deputatlar Şuşa-Laçın yolunda davam edən aksiyaya münasibət bildirdilər. Komitə sədri Siyavuş Novruzov çıxışında dedi ki, etirazçılar haqlı olaraq Rusiya sülhməramlılarının erməni separatçıları ilə birləşməsini, eyni zamanda İrandan gəlmiş terrorçuların ordan çıxarılmasını, ekologiya terroruna son qoyulmasını tələb edirlər. “Biz hamımız bu aksiyanı dəstəkləyirik, onların yanındayıq. Onlar Azərbaycan vətəndaşı kimi haqq yolla gedirlər”-deputat bildirdi.

Deputat Sabir Rüstəmxanlı bildirdi ki, bu etirazlar davam etdirilməlidir. Qeyd etdi ki, bütün xalq bu aksiyaya dəstək verir və bu, xalqımızın iradəsinin nəticəsidir. Ermənilərin hay-küyünün cavabında deputat dedi ki, 30 ildir Naxçıvan Azərbaycanın əsas hissəsindən ayrı düşüb, amma biz bunu humanitar fəlakət kimi dünyaya çatdıra bilmirik: “Avropanın hansı ölkəsinin ərazisindən yol açmaq olar və ordan hərbi sursat daşımaq olar? Bunu hansı ölkə qəbul edər?” Deputat səslənən tələbləri müdafiə etdi: “Qarabağa gələn yolun üstündə, sərhəd buraxılış məntəqəsi və gömrük postu qurulsun. Ərazilərimizə nəzarəti artırmalıyıq. Ermənilər 2020-ci il müqaviləsini qəbul etmirlərsə, onda bunlar müharibənin başa çatmasını qəbul etmirlər”.

Deputat Azay Quliyev dedi ki, QHT-lər Ermənistanın mina terroruna son qoyulmasını, Azərbaycanın suveren torpaqlarına silah-sursatın, hərbçilərin daşınması, milli sərvətlərimizin ölkədən çıxarılması və digər qanunsuz əməllər üçün istifadə olunan Laçın yolunda  Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin nəzarət-buraxılış məntəqələrinin yaradılmasını tələb edirlər". Deputat qeyd etdi ki, ölkə ictimaiyyətinin bu haqlı tələbini hamımız dəstəkləyirik: “Hesab edirik ki, qısa müddətdə Laçın yolunda Azərbaycanın dövlət qurumlarının  effektiv nəzarət buraxılış sistemi yaradılmalıdır və əminəm ki, yaradılacaq”.

Deputat Məlahət İbrahimqızı Laçın yolunda keçirilən sivil aksiyanı birmənalı olaraq dəstəklədiyini bildirdi, həmçinin seçicilərinin də aksiyanı müdafiə ilə bağlı mövqeyini çatdırdı. Ermənilərin iddialarına gəldikdə, M.İbrahimqızı bunları absurd və əsassız saydı. Bildirdi ki, Azərbaycanın ərazilərinə kimsənin sərbəst giriş-çıxışı, nəzarətsiz gəlişinə son qoyulmalıdır: “İranda, Cənubi Azərbaycanda 30 milyon azərbaycanlı var. Belə çıxır ki,  biz burdan dəhliz açıb, Cənubi Azərbaycana getməliyik?” Deputat qeyd etdi ki, xaricdən bu aksiyaya ermənipərəst münasibət bildirilməsi də qəbulolunmazdır. Onun sözlərinə görə, yaxşı olar ki, erməniləri müdafiə edənlər uzun illər Azərbaycana qarşı düşmənçilik münasibətində olan Avropa Parlamentinin vitse-spikerinin korrupsiya əlaqələrinə görə ittiham olunmasına diqqət yönəldərdi. Yaxud deputat Avropanın aparıcı dövlətlərini 44 günlük müharibədən sonra ortaya çıxmış mina probleminin yaratdığı dəhşətli nəticələrin aradan qaldırılmasına yönəltməyə çağırdı. Bildirdi ki, Laçın yolunda keçirilən aksiyada Azərbaycan xalqının tələbləri səslənir.

Deputat Azər Badamov konkret təkliflərlə çıxış etdi. “Sülhməramlıların nəzarəti altındakı ərazilərimizdə yaşayan erməni əsilli vətəndaşlarımız Araik Artunyanın, Ruben Vardanyan və digər separatçıların girovluğundan azad olunmalıdır”, - deyə o bildirdi. Laçın yolunda keçirilən aksiyanı dəstəklədiyini bildirən A.Badamov ermənilər üçün guya humanitar fəlakət yarandığı barədə iddiaların əsassız olduğunu söylədi: “Qarabağda yaşayan dinc əhali Azərbaycan vətəndaşlarıdır və dövlətimiz dəfələrlə onların ehtiyaclarını, kommunikasiyalarını təmin etməyə hazır olduğunu bəyan edib”.

A.Badamov qeyd etdi ki, dinc etiraz aksiyasının iştirakçılarının məqsədi Qarabağdakı erməni əsilli Azərbaycan vətəndaşlarımızı humanitar problemlərlə üz-üzə qoymaq deyil: “Əksinə, onların humanitar problemlərinin həllinə, təhlükəsizlik və birgə yaşayış təmin olunmasına nail olmaqdan ibarətdir”.

Deputat Razi Nurullayev bildirdi ki, Azərbaycan vətəndaş cəmiyyəti təmsilçilərinin Şuşa-Xankəndi yolunu bağlaması əslində gecikmiş aksiyadır: “Ölkəmiz bu günə kimi dözüm göstərdi, humanitar amilləri nəzərə aldı, Ermənistan və separatçıları isə bu yolu hərbi və talnçılıq üçün istifadə etdi. 30 il bəs deyilmiş kimi, indi də Rusiya sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə ekoloji fəlakət törədirlər”. R.Nurullayev dedi ki, artıq aksiya öz effektini verməkdədir və ona görə də  aksiya iştirakçılarının tələblərinin genişləndirilməsinə ehtiyac var: “Hesab edirəm ki, aksiya iştirakçıları aşağıdakı tələbləri irəli sürməlidir: birincisi, Xankəndi ilə Ermənistanı birləşdirən yolda sərhədçilərimiz və gömrük postumuz yerləşdirilsin. Ermənistan Naxçıvana gedən azərbaycnalılara dəhliz vermirsə, biz niyə Ermənistandan gələn ermənilərə əlini-qolunu sallayıb gəlməyə icazə verməliyik?”

İclasda “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda müzakirə olundu. Qanun layihəsinin hazırlanmasında və təqdimatında yaxından iştirak etmiş vitse-spiker, komitə sədri Fəzail İbrahimli layihə barədə məlumat verdi. Bildirdi ki, sözügedən qanun layihəsi parlamentdə ən çox müzakirə olunan qanun layihəsidir. Layihənin Azərbaycanın demokratikləşməsi prosesinə töhfə verəcəyini deyən F.İbrahimli neqativ fikirlərin heç bir əsasının olmadığını qeyd etdi.

Birinci vitse-spiker Əli Hüseynli və komitə sədri Zahid Oruc da qanun layihəsi ilə bağlı fikirlərini bildrirdilər. Deputat Sabir Rüstəmxanlı parlamentdəki müxalifət partiyalarından birinin sədri kimi söz alaraq layihə haqda yüksək fikirlər söylədi. Komitə sədri Siyavuş Novruzov da qanun layihəsini “yekdil” adlandırdı. Eyni zamanda dedi ki, bu, “Quran ayəsi də deyil”, zaman-zaman zamanın tələblərinə uyğun olaraq dəyişikliklər ediləcək: “İndiyədək çox qanunlar qəbul etmişik. Amma ”İlin qanunu" məhz “Siyasi partiyalar haqqında” Qanun olacaq".

Bundan sonra spiker Sahibə Qafarova qanun layihəsini son oxunuşda səsverməyə çıxartdı. 1 nəfər əleyhinə olmaqla, qanun layihəsi qəbul edildi.

Deputat Rüfət Quliyev iclasda valyutadəyişmə məntəqələri ilə bağlı narahatlığını bölüşdü. Dedi ki, artıq üçüncü ildir bu mövzuda çıxışlar edir, amma hələ də sualına cavab tapa bilməyib. R.Quliyev bildirdi ki, ölkədə fəaliyyət göstərən belə məntəqələrin bağlanması ölkə vətəndaşlarına, həmçinin turistlərə problemlər yaradır: “Vaxtilə 3-5 min qanuni əsaslarla işləyən valyuta mübadilə məntəqələri var idi. İndi bu məntəqələr işləmir, valyuta mübadiləsi imkanları bankların səlahiyyətinə verilib. Amma bazar və bayram günləri banklar işləmir. Başa düşürəm, istirahət edirlər. Amma belə vəziyyət xaricdən gələn qonaqlara, həmçinin vətəndaşlarımıza problemlər yaradır. Xahiş edirəm aydınlıq gətirilsin, valyuta mübadilə məntəqələri nə zaman açılacaq?”

Deputat Vüqar Bayramov seçiciləri narahat edən vacib bir mövzuya diqqət çəkdi. O, mavi yanacaqdan istifadə edərək limiti keçən abonentlərlə bağlı müraciətində bildirdi ki, Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi qaz limitlərinin sıfırlanmasını vaxtında həyata keçirməlidir. V.Bayramov artıq ilin başa çatmaq üzrə olduğunu qeyd etdi: “2022-ci il yekunlaşır və 2023-cü ildə qaz limitlərinin sıfırlanması həyata keçiriləcək. Bu il bu məsələ 10 gün yubandı. Məqsədəuyğun olardı ki, ”Azəriqaz" limitləri vaxtında sıfırlasın".

Deputat dedi ki, vətəndaşlar ilin sonuna doğru yüksək limitlərlə ödəniş edir: “Bununla da yubanmaya görə mavi yanacaqdan istifadə üçün daha çox xərc çəkir. Odur ki, xahiş edərdik sıfırlanma ilə bağlı qərar verilsin”.

Milli Məclisdə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun layihəsi də geniş müzakirələrə səbəb oldu.

Deputat Qüdrət Həsənquliyev burada narahatlıq doğuran əsas məqamlara aydınlıq gətirdi: “Konstitusiya qanunundan başqa da ciddi problemlər var. Biz, 2016-ci ildə nağdsız ödənişlər haqqında qanun qəbul elədik. Bu il dəyişiklik etdik və 4 min manatdan artıq nağdsız ödənişlər qadağan edildi. Xatırlayırsınızsa, Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmov çıxış elədi və dedi ki, evlərdə 10 milyard dollardan artıq vəsait var. Bundan sonra səhv etmirəmsə, 7 bank da bağlandı. Bir həftə bundan əvvəl oxudum ki, 7 bankın əmlakı hələ indi özəlləşdirməyə çıxarılır ki, bankda pulları batan insanların vəsaitinin bir hissəsi qaytarılsın. İnsanların banka inamı itib. Biz Beynəlxalq Bankı xatırlayırıq. Bu dövlət bankı idi. Dövlət onun bərpası üçün xeyli vəsait xərclədi. Hansısa dələduzlar 10 milyard dollardan artıq vəsaiti dağıtdılar. Sonradan xalqın pulları hesabına bankın fəaliyyəti bərpa olundu. İnsanların banka inamı yoxdur, ona görə də insanlar pullarını evdə saxlayırlar. Belə olan təqdirdə yeni qanunla 20 min manatdan yuxarı bütün vəsaitlərlə bağlı banklar tərəfindən müştəri uyğunluğu adı altında sənədlər tələb olunacaq ki, onun mənbəyini göstər. Biz bilrik ki, bu yol əslində korrupsiyanın qarşısını almayacağıq. Əslində korrupsiya daha da çiçəklənəcək”.

Zahid Oruc:"Hərbi prokuror 5 il idi ki, işgəncə qurbanlarının üsyanını “nağıl” adlandırırdı, sonda bəlli oldu ki, dövlətə və xalqa yalanı kim danışır"

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Tərtər işi”ndən danışdı: “Respublika Baş prokurorluğunun qərarı ilə Ermənistana casusluq adı ilə məhkum edilən 19 şəxsə bəraət verilməsi, nəhayət, ədalətin qələbəsidir. Yalnız cənab prezidentin məsələyə müdaxiləsi və yeni İstintaq Komissiyası yaratmasından sonra 2 ay ərzində ləyaqətli müstəntiqlər yüzlərlə şəxsi dindirərək, kənar təzyiqlərə və təxribatlara baxmayaraq, 288 zərərçəkən şəxsin işini yenidən icraata qəbul edərək ümumilikdə 405 nəfərin hüquqlarını təmin edirlər”.

O bildirdi ki, məhkumların hüquqlarını qorumaq üçün aparılan ictimai kampaniyaya rəğmən vətəndaş ədaləti prezident İlham Əliyevdən gözləyir: “Hərbi prokuror 5 il idi ki, işgəncə qurbanlarının üsyanını ”nağıl" adlandırırdı, sonda bəlli oldu ki, dövlətə və xalqa yalanı kim danışır. Keçmiş Baş prokuror Zakir Qaralov bir dəfə də olsun o analarla görüşmədi və saxta ittihamnamələri araşdırmadı. İndi hər ikisi Ali Baş Komandandan, xalqdan, ordumuzdan və qurbanlardan üzr istəməlidilər. 5 ildən sonra alnı açıq, lakin bədənləri zorakılıq izləri, qəlbləri incidilmiş adamları dövlət və cəmiyyət bağrına basmalıdır ki, haqlarını qaytara bilsin. Tərtər kimi qəhrəman şəhərin adını ləkələmək istəyən, vətəndaşların hüquq sisteminə etibarını zədələyən adamlar sonda ifşa olundular. Saxta xəyanət hökmlərinin sifarişçiləri, təşkilatçıları, müdafiəçiləri, hərbi hissələrdə “samosud” təşkil edənlər, qurbanları hospitallarda cəza palatalarına bağlayanlar, Hərbi Prokurorluğun kölə müstəntiqləri və andsız hərbi hakimlər 5 il dövlət əleyhinə təbliğata bais olduqlarına görə məsuliyyət daşıyırlar. O casusluq işində imtiyaz və rütbə qazananlar da kənarda qalmamalıdır. Torpaqları düşmən əlində olan bir xalqın 405 nəfərini satqınlıqda günahlandırmaq özü böyük xəyanətdir".

Qənirə Paşayeva: “Hardadır hərbçilərimizə işgəncə verənlər, onları saxta ittihamı qol çəkməyə vadar edənlər?”

Deputat Qənirə Paşayeva isə Tərtər hadisələri ilə əlaqədar aparılan istintaq nəticəsində bəraət alanlardan bəhs etdi və vaxtilə hərbçilərimizlə bağlı saxta qərarlar çıxaranları ittiham etdi. Bildirdi ki, günahsız insanlarla bağlı casusluq ittihamı ilə qərar çıxaranlar, bu prosesdə iştirak edənlər təkcə o hərbçilərin özlərindən, ailə üzvlərindən deyil, həm də deputatlardan üzr istəməlidirlər. “Hardadır hərbçilərimizə işgəncə verənlər, onları saxta ittihamı qol çəkməyə vadar edənlər?” - deyə Q.Paşayeva bildirdi. Qeyd etdi ki, onların törətdiyi əməlləri unutmaq olmaz: “Bu müstəntiqlər yenidən hüquq-mühafizə sistemində çalışacaqsa, Azərbaycan vətəndaşarının məhkəmə sisteminə nə inamı ola bilər? Cənab Prezident bu işi öz nəzarətinə götürdüyü üçün o insanlar haqlarını aldılar”.

Deputat dedi ki, əsgər və zabitlərə işgəncə verənlər televiziya ekranlarından xalqa göstərilməlidir: “Mən şəxsən bu üzrü gözləyirəm. Kimlər ki, mənə ”casusları müdafiə edirsiniz" deyirdilər, çıxsınlar üzr istəsinlər! Biz sadəcə deyirdik ki, bu iş obyektiv araşdırılsın, ailələrin müraciətlərinə baxılsın, çünki onlar deyirdilər bizə nə ittiham verirsiniz, verin, amma bircə casus ittihamını dilə gətirməyin! Mən cənab Prezidentdən çox təvəqqe edirəm və inanıram ki, televiziyalarda bəraət alanların hər birinə geniş imkanlar yaradılacaq və onların övladları alnı açıq, üzü ağ məktəblərə gedəcəklər, valideynlər də azca da olsa, rahatlıq tapacaqlar".


“Yeni Müsavat”

loading...
Diaspora