Ölkəmizin bütün rayon mərkəzlərində, qəsəbə və kəndlərində yeni yarımstansiyaların inşası, yararsız, istismar müddəti başa çatmış komplekt transformator məntəqələrinin yenilənməsi və müasir tipli avadanlıqlarla təchiz edilməsi, yeni texnologiyaların şəbəkəyə tətbiqi, yüksək peşə hazırlığına malik kadrların hazırlanması işləri ilə yanaşı artıq bütün abonentlər üçün 15 rəqəmli kod sisteminin tətbiqi işləri də davam etdirilir.
“Azərişıq” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, artıq ötən qısa müddət ərzində yeni kodlar Bakının Mehdiabad, Bağlar, Fatmayi, Novxanı, Xırdalan və Qobustan qəsəbələrində istifadə olunur. Həmçinin Şimal Regionu üzrə (Sumqayit, Xaçmaz, Quba, Qusar, Xızı, Şabran, Siyəzən) və Şimal-Qərb Regionu üzrə (Qəbələ, İsmayıllı, Oğuz, Şəki, Balakən, Zaqatala, Qax, Şamaxı) tamamilə 15 rəqəmli kod sistemi fəaliyyətdədir və Abonent İnformasiya Sistemi “Azərişıq” ASC-nin bütün elektrik şəbəkələrini əhatə edəcək.Vahid 15 rəqəmli kodun tətbiqi "ORACLE" verilənlər bazasının üzərində qurulur.
Bu sistemin tətbiqi Abonent İnformasiya Sisteminin vahid bazada birləşdirəcək və məlumat mübadiləsinin “online” rejimdə icra olunmasına imkan yaradacaq. İnformasiya sisteminin vahidliyi baş verə biləcək neqativ halların qarşısının alınması ilə yanaşı informasiyanın dəqiqliyini də təmin edəcək.