Moldova Baş nazirinin müavini DOST mərkəzində olub - FOTO

Moldova Baş nazirinin müavini DOST mərkəzində olub - FOTO backend

Ölkəmizə səfərə gəlmiş Moldova Respublikasının Baş nazirinin rəqəmsallaşma məsələləri üzrə müavini Yurie Tsurkanunun başçılıq etdiyi nümayəndə heyəti 1 saylı Bakı DOST Mərkəzində olub.

Qaziler.az bildirir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan DOST Agentliyinin və DOST mərkəzlərinin dövlət sosial xidmətləri sisteminə gətirdiyi innovativ yeniliklər, DOST modelinin üstünlükləri barədə məlumat verib. Bildirilib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sosial sahə üzrə  xidmətlərin “bir pəncərə”dən, şəffaf, çevik, vətəndaş rahatlığı və məmnunluğu prinsipinə uyğun qurulmasına imkan yaradıb.

Nümayəndə heyəti DOST mərkəzində xidmət bölmələri və xidmət prosesi, habelə vahid əlaqələndirmə mərkəzi ilə tanış olub. Qonaqlar üçün DOST konsepsiyasına və sosial sahədə elektron xidmətlərə dair təqdimatlar edilib. 

Sonra S.Babayev Y.Tsurkanu ilə görüşündə Azərbaycanla Moldovanın dövlət başçılarının qarşılıqlı səyləri nəticəsində iki ölkə arasında əlaqələrin daim inkişaf etməkdə olduğunu vurğulayıb. Ermənistanın 30 ilə yaxın davam edən işğalından azad edilmiş ərazilərimizdə aparılan böyük quruculuq və yenidənqurma işləri barədə məlumat verib.

Son illər Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahələrində aparılan geniş miqyaslı islahatlar diqqətə çatdırılıb. Moldova ilə əlaqələrin əmək, məşğulluq və sosial müdafiə sahələrini də əhatə etdiyi, həmçinin Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu ilə Moldova Milli Sosial Sığorta Kassasının fəal əməkdaşlığı qeyd olunub. 

Y.Tsurkanu Azərbaycanla bütün sahələrdə əlaqələrin genişlənməsində maraqlı olduqlarını və eyni zamanda sosial sahədə əməkdaşlığın inkişafına, bu sahədə, habelə rəqəmsal xidmətlərin qurulması istiqamətində fəal təcrübə mübadilələrinə maraq göstərdiklərini qeyd edib.

loading...
Diaspora