Elektron vətəndaş cəmiyyəti layihəsinin təqdimatı keçirilib

Elektron vətəndaş cəmiyyəti layihəsinin təqdimatı keçirilib backend

Sentyabrın 9-da Beynəlxalq Mətbuat Mərkəzində “Şəmsi Əsədullayev” xeyriyyə ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Qeyri-hökumət təşkilatlarına etimadın artırılması üzrə təşəbbüslərin dəstəklənməsi” layihəsinin yekunları ilə bağlı təqdimat olub.


Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən təşkilatın nümayəndəsi və layihənin rəhbəri Cəsarət Hüseynzadə bildirib ki, layihənin məqsədi qeyri-hökumət təşkilatlarının fəaliyyətinin cəmiyyətə daha dolğun təqdimatının və əlçatanlığının təmin edilməsidir. Layihə çərçivəsində QHT-media münasibətlərinin monitorinqi aparılıb, QHT nümayəndələri arasında “Qeyri-hökumət təşkilatlarının fəaliyyətlərini mütəmadi işıqlandıran ən yaxşı internet media orqanı” devizi altında elektron sorğu keçirilib.

Bildirilib ki, layihənin ən mühüm hissəsi onun çərçivəsində yaradılan elektron vətəndaş cəmiyyəti portalıdır. E-vətəndaş cəmiyyəti çoxfunksiyalı bir portal olaraq üçüncü sektor nümayəndələri üçün geniş imkanlar təqdim edir. Portal eyni vaxta bir neçə funksiyanı yerinə yetirir. İlk növbədə, QHT-lərə müstəqil subdomen verməklə onlara öz saytlarını bu baza üzərindən yaratmağı təklif edir. Belə ki www.e-vc.az ünvanında qeydiyyatdan keçən hər bir təşkilat öz saytlarını müstəqil formada hazırlayib idarə edə bilər.

Bazada qeydiyyatdan keçmiş təşkilat öz saytlarına təşkilat haqqında informasiyaları, koordinatları, fəaliyyətləri barədə xəbərləri, həyata keçirdiyi layihələr və tədbirlərə dair materialları, foto və video informasiyaları, çap etdikləri nəşrlərin və hazırladıqları hesabatların elektron versiyalarını daxil etmək imkanına sahib olacaq. Təşkilat ona məxsus şifrələrdən istifadə etməklə istənilən vaxt fəaliyyətləri haqqında yeni informasiyaları da bazaya daxil edə biləcək.

Qeydiyyatdan keçmiş QHT-lərin bazaya daxil etdiyi xəbərlər, həm də sosial şəbəkə funksiyası kimi 10 bölmə üzrə portalda yayımlanır.

Bu funksiyaya sahib olmaq üçün portal QHT-lərə standart və yaxud VİP üzvlük statusu təklif edir. Üzvlük statusundan asılı olaraq daxil edilən informasiyalar birbaşa və ya portal rəhbərinin icazəsi ilə xəbərlər bölməsində yayımlanacaq. Portalda formalaşdırılan e-bazada isə QHT-lər 24 kateqoriya üzrə yerləşdirilib. Layihə icraçıları tərəfindən 300 QHT haqqında informasiya həmin bazaya daxil edilib. Bundan başqa, portala QHT-lərin icra etdikləri 300 layihə haqqında informasiya və fəaliyyətləri haqqında 400-ə yaxın xəbər, 14 videomaterial daxil edilib.

Tədbirdə çıxış edən QHT və media rəhbərləri layihə haqqında fikirlərini bölüşüblər.

Tədbirin sonunda “Qeyri-hökumət təşkilatlarının fəaliyyətlərini mütəmadi işıqlandıran ən yaxşı internet media orqanı” devizi altında keçirilən elektron sorğunun ən yaxşı nəticələrinə görə qaliblər mükafatlandırılıb. Mükafatlandırılanlar arasında AZƏRTAC da olub.