ƏƏSMN ilə İndoneziyanın İşçi Qüvvəsi Nazirliyi arasında əməkdaşlıq sənədi imzalanıb

ƏƏSMN ilə İndoneziyanın İşçi Qüvvəsi Nazirliyi arasında əməkdaşlıq sənədi imzalanıb backend

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və İndoneziyanın işçi qüvvəsi naziri İda Fauziyanın başçılıq etdikləri nümayəndə heyətlərinin videokonfrans formatında görüşü olub.

Nazirlikdən Qaziler.az-a bildirilib ki, S.Babayev bu il Azərbaycanla İndoneziyanın diplomatik münasibətlərinin qurulmasının 30 ilinin tamam olduğunu, ötən dövrdə iki ölkənin müxtəlif sahələr üzrə əməkdaşlıq gündəliyinin formalaşdığını və beynəlxalq təşkilatlar səviyyəsində də çox fəal əməkdaşlıq etdiklərini bildirib. 

O, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərini diqqətə çatdırıb. Vətən müharibəsi zamanı da daxil olmaqla daim İndoneziyanın ölkəmizə verdiyi davamlı siyasi dəstəyə görə təşəkkürünü ifadə edib.

Ərazilərimizin Ermənistanın işğalından azad edildiyini və həmin ərazilərdə  aparılan bərpa və quruculuq işlərini qeyd edən S.Babayev Ermənistan tərəfindən törədilən təxribatların bölgədə sülh və əmin-amanlığın təminatına təhdid yaratdığı barədə məlumat verib.  

Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə sahəsində aparılan islahatlar, DOST konsepsiyası, mənzil qərargahı Bakı şəhərində yerləşəcək İslam Əmək Təşkilatının Əmək Mərkəzinin Təşkilata üzv ölkələr arasında əlaqələrin inkişafına töhfə verəcəyi diqqətə çatdırılıb.  

Görüşdə S.Babayev İ.Fauziyanı Azərbaycana səfərə dəvət edib.

Dəvətə görə minnətdarlığını bildirən İ.Fauziya ölkəsinin Azərbaycanla dost münasibətlərindən bəhs edib. O, sosial sahədə əməkdaşlığın inkişafında maraqlı olduqlarını, əməkdaşlığın, təcrübə mübadilələrinin sosial islahatlar prosesində qarşılıqlı faydalı olacağını vurğulayıb.

Sonra nazirlər “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İndoneziya Respublikasının İşçi Qüvvəsi Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində Anlaşma Memorandumu”nu imzalayıblar.

Sənəddə əmək normaları və standartları üzrə potensialın və sosial təminat sisteminin gücləndirilməsi,  peşə hazırlığı sisteminin və gənclərin məşğulluğu üçün bacarıqların inkişafı, əməkçi miqrantların sosial müdafiəsi, əmək bazarının təkmilləşdirilməsi istiqamətlərində əməkdaşlığın həyata keçirilməsi əksini tapır. Memorandumun həyata keçirilməsi işlərinin müzakirəsi, monitorinqi və qiymətləndirilməsi üçün Birgə İşçi Qrupunun yaradılması da sənəddə nəzərdə tutulur.

loading...
Diaspora