Dövlətimizin başçısının Sərəncamı ilə Kür çayı üzərində Salyan şəhərinin sağ və sol sahilini birləşdirən körpünün tikintisi başa çatmaq üzrədir.
AZƏRTAC xəbər verir ki, layihənin icrasından minlərlə sakin faydalanacaq.
Kür çayı Salyan şəhərini iki yerə ayırır. Şəhər sakinlərinin böyük bir hissəsi çayın sağ sahilində - Muğananda, 6 min nəfər əhali isə sol sahildə - Babazənanda yaşayır. Sakinlər sağ sahildən sol sahilə keçmək üçün ya qayıqdan və bərədən istifadə edir, ya da 15 kilometr uzunluğunda avtomobil yolunu qət etməli olurlar. Məhz bu çətinlik nəzərə alınaraq şəhərin sağ və sol sahilini birləşdirən yeni körpü inşa olunur. Körpünün uzunluğu 200, eni 14,5 metrdir.
Körpüdə avtomobillərlə yanaşı, piyadalar da təhlükəsiz və rahat hərəkət edə biləcəklər. Bunun üçün hər iki istiqamətdə 1,5 metr enində səkilər tikilib.
Hazırda körpünün yaxınlığında çay yatağı boyu 480 metr uzunluğunda istinad divarları inşa olunur. Tikilini sel və daşqından qoruyacaq beton divarların 280 metri artıq hazırdır. Layihə 17 milyon manat həcmində dəyərləndirirlir .