Azərbaycan nümayəndəliyi Əfqanıstanda keçirilən tədbirlərdə iştirak edib

Azərbaycan nümayəndəliyi Əfqanıstanda keçirilən tədbirlərdə iştirak edib backend

Xarici İşlər Nazirliyinin nəzdindəki Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəhbəri Əşrəf Şıxəliyev Əfqanıstanın paytaxtı Kabildə keçirilən 6-cı Regional İqtisadi Əməkdaşlıq Konfransında, Əfqanıstan üzrə Tokio Qarşılıqlı Etimad Prosesi çərçivəsində Yüksək Vəzifəli Şəxslərin ikinci iclasında iştirak edib.


Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hər iki tədbirdə çıxış edən Ə.Şıxəliyev ölkənin inkişafında nəqliyyat, enerji, informasiya-kommunikasiya texnologiyalarının əhəmiyyətinə toxunaraq Azərbaycanın qardaş Əfqanıstana bu sahələrin inkişafına dəstək göstərməyə hazır olduğunu bildirib. O, Bakı-Tbilisi-Qars dəmir yolu və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Əfqanıstan üçün əlverişli yollarla dünya bazarına çıxış imkanları yaradacağını, bunun isə öz növbəsində Əfqanıstan iqtisadiyyatının canlanmasına və davamlı inkişafına mühüm töhfə verə biləcəyini qeyd edib.

AIDA-nın rəhbəri ölkənin inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafının, o cümlədən elektron hökumət sisteminin qurulmasının əhəmiyyətini vurğulayıb. O, bu sahədə ölkəmizin əldə etdiyi uğurlardan biri olan və BMT-nin 2015-ci il Dövlət Xidmətləri Mükafatına layiq görülmüş “ASAN xidmət”in təcrübəsini Əfqanıstanla paylaşmağa Azərbaycanın hazır olduğunu diqqətə çatdırıb.

Ə.Şıxəliyev Azərbaycanın Əfqanıstan Milli Ordusunun Etimad Fonduna maliyyə yardımı göstərdiyini, eyni zamanda, burada insan kapitalının inkişafı məqsədilə ölkəmiz tərəfindən əfqan mütəxəssisləri və tələbələri üçün təqaüdlərin ayrılmasının nəzərdə tutulduğunu da bildirib.

Tədbirlərin keçirilməsinin məqsədi Əfqanıstanın qonşu ölkələr və beynəlxalq maliyyə təsisatları ilə iqtisadi əməkdaşlığının təşviq edilməsi olub.

Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani, digər yüksək səviyyəli rəsmilər və BMT baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsinin iştirak etdikləri tədbirlərdə 70-dən artıq ölkə və nüfuzlu beynəlxalq təşkilatlar, həmçinin biznes qurumları təmsil olunub.