BMT-nin insan hüquqları üzrə ali komissarı Zeyd Raad Əl-Hüseyn tərəfindən Azərbaycanda insan hüquqları ilə bağlı səsləndirilən fikirlər sifarişli və qeyri-obyektiv xarakter daşıyır.
AZƏRTAC xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ali komissarın fikirlərini şərh edərkən bildirib. H.Hacıyev deyib: “Təəssüflər olsun ki, bəzi dairələr tərəfindən insan hüquqları məsələsi seçimli əsasda istismar olunur və məhdud siyasi məqsədlər üçün istifadə edilir.
Ermənistanın Azərbaycana qarşı təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan artıq insanın hüquqlarının müdafiəsi barədə vəzifə mandatına uyğun olaraq insan hüquqları üzrə BMT-nin ali komissarı tərəfindən mövqe nümayiş etdirilmədiyi halda, ölkəmizdə məhkəmə qərarı ilə təsbit olunmuş fərdi cinayət əməllərinə siyasi müdaxilə cəhdləri qərəzli münasibətdən başqa bir şey deyil.
Eyni zamanda, münaqişələr nəticəsində yüz minlərlə insanın öz daimi yaşayış yerlərini tərk etməsi və bu əsasda özünü göstərən kütləvi miqrant problemi II Dünya müharibəsindən sonra Avropanın üzləşdiyi ən böyük humanitar fəlakət olaraq, kollektiv məsuliyyət tələb etdiyi halda, bəzi insan hüquqları müdafiəçisi olan təsisatların susqunluğu və fəaliyyətsizliyi özünü göstərir.
Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq səviyyədə tərəfdar çıxdığı öhdəlikləri əsasında ölkəmizdə qanunun aliliyi, fundamental hüquq və azadlıqların, o cümlədən mətbuatın azadlığı tam şəkildə təmin olunub.
Azərbaycan vətəndaşlarının hüquq və mənafelərinin qorunması dövlətimizin ali məqsədidir