“Qafqaz İslam Ordusu - Bakı yollarında” adlı mədəni irs turu keçiriləcək

“Qafqaz İslam Ordusu - Bakı yollarında” adlı mədəni irs turu keçiriləcək backend

Sentyabrın 16-17-də “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi “Qafqaz İslam Ordusu - Bakı yollarında” adlı mədəni irs turu keçirəcək.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, tədbir Qafqaz İslam Ordusunun Bakını azad etməsinin 97 illiyinə həsr olunub. Məlum olduğu kimi, 1918-ci il sentyabrın 15-də işğal altında olan Bakı və ətraf bölgələr Nuru Paşanın başçılığı ilə Qafqaz İslam Ordusu tərəfindən azad edilib.

Mədəni irs turu ordunun qərargahlarının olduğu yerləri əhatə edəcək. İkigünlük tura qatılanlar Gəncə-Göyçay-Ağsu-Şamaxı-Hökməli-Güzdək-Bakı (Şəhidlər xiyabanı) marşrutu ilə hərəkət edəcəklər. İştirakçılar XX əsrin əvvəllərində xalqımızın erməni daşnakları və bolşeviklərə qarşı mübarizəsində qardaşlıq köməyinə yetişən, Azərbaycanın dövlət müstəqilliyini qazanmasında, istiqlalının qorunmasında həlledici rol oynayan Qafqaz İslam Ordusunun şərəfli döyüş yolunu izləməyə nail olacaqlar.

Maraqlananlar qeydiyyatdan keçmək və ya ətraflı məlumat əldə etmək üçün “MİRAS” İctimai Birliyinə müraciət edə bilərlər. Ünvan: Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi, 35 (28 May metrostansiyasının yaxınlığı). Tel: (012) 408-92-25, (070 / 055) 374-69-07. email: [email protected].

Ağsu şəhərindən qoşulmaq istəyənlər bu ünvana müraciət edə bilərlər: Ağsu şəhəri, Molla Pənah Vaqif küçəsi, 19. Tel: (012) 585-08-16, (055) 374-69-07. email:[email protected].
Diaspora