Azərbaycan-İtaliya əlaqələri müzakirə edilib

Azərbaycan-İtaliya əlaqələri müzakirə edilib backend

İtaliya parlamenti nümayəndə heyətinin sentyabrın 9-da Milli Məclisdə növbəti görüşü Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə olub.

AZƏRTAC xəbər verir ki, işçi qrupun rəhbəri Azər Kərimli regionun lider dövləti olan Azərbaycanda gedən inkişaf proseslərindən, həyata keçirilən irimiqyaslı layihələrdən, ölkələrimiz arasında əlaqələrin genişlənməsindən, Dağlıq Qarabağ münaqişəsindən danışıb. Qeyd edilib ki, yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrimizin daha da inkişafında mühüm rol oynayır. O, ölkələrimizin parlamentləri arasında əməkdaşlığın da inkişaf etdiyini vurğulayıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan reallıqlarının İtaliyada tanıdılmasında, əlaqələrimizin inkişaf etdirilməsində Heydər Əliyev Fondu mühüm rol oynayır.

Görüşdə çıxış edən işçi qrupun üzvləri Azərbaycan-İtaliya əlaqələrinin uğurlu inkişafından danışıblar. Həmçinin italiyalı parlamentarilərin diqqətinə çatdırılıb ki, noyabrın 1-də Azərbaycan Milli Məclisinə seçkilər keçiriləcək. Azərbaycanda seçkilər şəffaf və demokratik şəraitdə keçirilir. Səsvermənin gedişini izləmək üçün ölkəmizə çoxlu sayda beynəlxalq müşahidəçilər gəlir.

Bildirilib ki, bəzi qüvvələr tərəfindən Azərbaycana qarşı əsassız tənqidlər səsləndirilir. Lakin bu qüvvələrin səyləri hər dəfə boşa çıxır. Azərbaycan heç vaxt müstəqil siyasətindən geri çəkilməyəcək.

İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, senator Sercio Divina Azərbaycanda gördükləri inkişaf proseslərindən, ölkələrimiz arasında münasibətlərin inkişafından, xalqımızın qonaqpərvərliyindən məmnunluğunu bildirib. O, dostluq qrupunun gələcəkdə də siyasi, iqtisadi, mədəniyyət, humanitar, turizm və digər sahələrdə əlaqələrin inkişafı istiqamətində səylərini artıracağını deyib. Senator əmin olduğunu bildirib ki, ölkələrimiz arasında qarşılıqlı dəstəyə, anlaşmaya və hörmətə əsaslanan münasibətlər daha da inkişaf edəcək.
Diaspora